23 Mart Üsyançı Hərəkatı (M23) Konqo Demokratik Respublikasının şərqindəki ən böyük şəhər olan Qomanın tutulduğunu elan edib...
Poliqon xəbər verir ki, hökumət üsyançıların hazırda 2 milyona yaxın insanın yaşadığı (o cümlədən başqa ərazilərdən köçkünlər də daxil olmaqla) şəhərə irəliləməsini müharibə elanı kimi qiymətləndirib.
"Biz Qomanı götürdük və əsgərlərə yerli vaxtla səhər saat 3:00-a qədər təslim olmalarını əmr etdik",deyə Reuters agentliyi M23-ün daxil olduğu Konqo Çay Alyansının liderinin sözlərindən sitat gətirir.
AP News qeyd edir ki, üsyançılar Konqo ordusunun silahlarını yerə qoymağa çağırıldığı 48 saatlıq müddətin bitməsinə bir neçə dəqiqə qalmış şəhərin tutulduğunu elan ediblər.
Reuters yazır ki, Qomanın üsyançıların tam nəzarəti altında olub-olmadığı hələlik məlum deyil. AP News xəbər verir ki, səhər saatlarından şəhərin hər yerindən atışma səsləri eşidilib. Hazırda Qomada elektrik yoxdur.
Yanvarın 25-də Qoma şəhərinin kənarında üsyançı qüvvələrlə Konqo ordusu arasında şiddətli toqquşmalar olub. Cənubi Afrika və Uruqvaydan olan bir neçə sülhməramlı həlak olub.
Ötən həftə üsyançılar Qomanın əsas təchizat yollarından birində yerləşən əsas şəhər olan Minovaya nəzarəti ələ keçiriblər. İki gün sonra onlar Konqo ordusunun əsas müdafiə mövqeyi olan Sakeni işğal edib.
M23 üsyançıları 2012-ci ildə də Qomanı ələ keçirmişdi, lakin Ruandaya beynəlxalq təzyiqlər səbəbindən on gün sonra şəhəri tərk etmək məcburiyyətində qalmışdılar. BMT Ruandanın üsyançıları silahla təmin etdiyini bildirir. Ruanda hakimiyyəti döyüşlərdə iştirakını inkar edir.
Poliqon.info