İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada, kakao qiymətlərinin artımının şokolad istehsalına təsiri ilə bağlı qarşıda duran çağırışlara diqqət çəkib. Professor, qiymət artımının təsirini minimuma endirmək üçün idxal rüsumlarının azaldılması və bəzi hallarda sıfıra endirilməsi kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində istehsalçılar qiymət artımı baş verdikdə məhsulların inqrediyentlərini əvəz etməyə çalışırlar ki, bu da bəzən keyfiyyətlə bağlı problemlərə səbəb olur. Lakin bu vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən rüsum siyasəti, tənzimləyici mexanizmlər və vergi güzəştlərinin tətbiqi vacibdir.
Elşad Məmmədov əlavə edib ki, daxili istehsalın artırılması və keyfiyyətin təmin edilməsi məqsədilə yerli istehsal mexanizmlərinin dəstəklənməsi, o cümlədən kredit şərtlərinin yumşaldılması da qiymətlərin sabitliyinə nail olmaq üçün əsas addımlardan biridir. Professorun fikrincə, bu tədbirlərin tətbiqi ilə istehlakçılara dəyən mənfi təsirləri azaltmaq və daxili bazarda sabitlik təmin etmək mümkündür.
Pərvanə Fərhadqızı