Əmlak bazarında qiymət artımı uzun müddətdir davam edir. Demək olar ki, hər ay təxminən 3-5 faiz arası artım baş verir.
Bu fikirləri hafta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, keçən ilin noyabr ayında COP29 tədbiri ilə əlaqədar əmlak bazarında, xüsusən paytaxt Bakı şəhərində alıcılıq qabiliyyəti çox aşağı düşdü, kirayə bazarı inkişaf etdi. Gündəlik mənzillərə xaricdən gələn qonaqların yerləşdirilməsi üçün tələb artdı, amma satış bazarında durğunluq baş verdi. Müştərilərin böyük bir hissəsi ya şəhərdən kənarda oldular, ya da hər hansı səbəbdən gözləmə mövqeyini tutdular: “Əmlak statistikasının son üç il ərzinə nəzər salanda görürük ki, 60-70 faizə qədər alıcı mənzillərini müxtəlif kredit şərtləri ilə alır. Təxminən 10 il əvvəl müştərilərin 20-30 faizi kreditlə mənzil alan, 70-80 faizi nağd alıcılar idi, indi tam əks-tendensiyanı müşahidə edirik".
Ekspert qeyd edib ki, hazırda əmlak alanların çox hissəsi çıxarışlı əmlaklara üstünlük verir: "Tələbat daha çox çıxarışlı, ümumi sahəsi böyük olmayan, ümumi məbləği 200 000 manatı aşmayan mənzillərədir. 8 faizli ipoteka kreditlərində maksimal limit 150 000 manata, güzəştlilərdə isə 100 000 manata qədərdir. Buna görə də alıcılar elə əmlak axtarırlar ki, otaq sayı çox olsun, çıxarışlı olsun, ümumi məbləği də böyük olmasın. Qiymət artımına görə, bu cür əmlak tapmaq çətindir. Kredit şərti ilə satılan əmlakların çox olmasına görə həmin əmlaklar yenidən satışa çıxa bilmir. Çünki bu əmlakların növbəti dəfə satışa çıxması üçün kreditin bitməsi lazımdır, bu da təxminən 10-20 il arası vaxt tələb edir. Bu baxımdan da tələbat olsa da, mənzil sayı azdır. Xüsusən ipoteka kreditləri veriləndə əmlak bazarına qısa vaxt ərzində yüzlərlə, minlərlə müştəri gəlir. Onlardan isə az bir hissəsi mənzil tapıb ala bilirlər".