AZ

“Trabzonspor” daha bir futbolçu ilə vidalaşdı

Zəif mövsüm keçirən “Trabzonspor” özünə lazım olmayan futbolçularla vidalaşmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, noyabrda baş məşqçi Şenol Günəşin qərarı ilə 4 futbolçu – Umut Bozok, Mislav Orşiç, Enis Bardi və Stefano Densvil əsas komandadan kənarlaşdırılmışdı. Bu futbolçular bir-bir komandanı tərk edir. Dekabrın 21-də xorvatiyalı Orşiçin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunmuşdusa, bu dəfə sıra Enis Bardiyə çatıb. Klubdan verilən rəsmi açıqlamada makedoniyalı futbolçu ilə də müqavilənin qarşılıqlı razılıqla ləğv olunduğu açıqlanıb.

Daha öncə “Uypeşt” və “Levante”də forma geymiş 29 yaşlı yarımmüdafiəçi 2022-ci ildən “Trabzonspor”un şərəfini qoruyurdu. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatırdı. Bu mövsüm 13 rəsmi oyunda forma geyərək hesabına yalnız 1 məhsuldar ötürmə yaza bilən Bardi ümumilikdə “Trabzonspor”da 97 rəsmi oyunda iştirak edərək 14 qol, 7 məhsuldar ötürməlik performans sərgilədi. Rəhbərlik Orşiçdən fərqli Bardi ilə xüsusi şəkildə vidalaşaraq ona xatirə hədiyyəsi təqdim etdi. Şimali Makedoniya yığmasının üzvü isə öz səhifəsində vida mesajı yayaraq kluba və fanatlara minnətdarlığını bildirdi. “Qara siyahı”da olan digər iki futbolçuya gəlincə, Densvilin də yaxın günlərdə ayrılacağı gözlənilir. Təcrübəli niderlandlı müdafiəçiyə Səudiyyə Ərəbistanı klubları maraq göstərir. Umut Bozok isə “Çaykur Rizəspor”a keçidin biraddımlığındadı. Rizəlilərin baş məşqçisi İlhan Palut onu komandasında görməyi çox istəyir. Amma 28 yaşlı forvardın meneceri ilə Rizə klubunun rəhbərliyi arasında hələ razılıq əldə olunmayıb.

“Trabzonspor”un Bozokun ayrılığına mane olmayacağı və onun üçün hansısa məbləğ tələb etməyəcəyi gözlənilir.

Seçilən
7
football-plus.az

1Mənbələr