Gürcüstanı Prokurorluğu sabiq baş nazir, müxalifətçi "Gürcüstan Naminə" partiyasının lideri Giorgi Qaxariyaya hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan deputat Dmitri Samxaradze ilə baş vermiş insidentdə zərərçəkmiş statusu verib.
“Report” xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı partiyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
"İşin materiallarına çıxış lazımdır. Vacib sübutlar artıq məhv edilib və bizi işdə nə olduğu maraqlandırır. Vəkil işin materialları ilə tanış olacaq", - partiyadan bildirilib.
Söhbət yanvarın 14-də gecə Batumidəki "Sheraton" hotelinin foyesində Qaxariya və Samxaradze arasında baş vermiş insidentdən gedir. Sabiq hökumət başçısına hücumu rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib. Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb.
Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.