AZ

“İhlas” agentliyi: Türkiyə şirkətləri Azərbaycanın azad olunmuş ərazilərində strateji layihələr həyata keçirir

Ankara, 27 yanvar, AZƏRTAC

Türkiyə şirkətləri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına öz töhfələrini verməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “İhlas” xəbər agentliyinin “Cengiz İnşaat” tikinti şirkətinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirdiyi strateji əhəmiyyətli layihələr barədə məqaləsində bəhs edilib.

Agentlik qeyd edir ki, Türkiyənin bu şirkəti Füzuli rayonundan Şuşaya avtomobil yolunun, “Zəfər yolu” və Zabuxçay su anbarının tikintisini başa çatdırıb.

Media resursu Zabuxçay su anbarını misal çəkərək diqqətə çatdırıb ki, bu layihə sayəsində Azərbaycanın Qubadlı və Zəngilan rayonlarında müasir meliorasiya sistemi yaratmaq mümkün olacaq.

“Cengiz İnşaat” şirkətinin layihə direktoru Ekrem Tütüncü Azərbaycanın inkişafına verdiyi töhfədən qürur duyduğunu bildirib. O deyib: “Azərbaycan üçün döyüş meydanındakı Zəfər qədər dəyərli olan yeni iqtisadi qələbələrin əldə edilməsində iştirak etmək bizim üçün böyük məsuliyyətdir. Qardaş ölkəmizin firavanlığı naminə bundan sonra da layihələr həyata keçirməyə hazırıq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
4
azertag.az

1Mənbələr