Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda pnevmoniyadan ölüm faktı qeydə alınıb.
Belə ki, İsmayıllı sakini pnevmoniya xəstəliyindən ölüb. Bundan əvvəl isə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Nazir Rüstəmovun 42 yaşlı oğlunun soyuqdəymədən dünyasını dəyişdiyi bildirilmişdi.
Əvvəllər də belə ölümlər olub, bəs bu indi niyə xəbərə çevrilir? Yəni bu qədər təhlükəlidir? Narahat olmalıyıqmı? Özümüzü bundan necə qoruyaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, bu gün pnevmoniyadan xəstənin ölmə məsələsi demək olar ki, olmamalıdır:
“Ona görə ki, artıq pnevmoniyanı tamamilə həll etmək iqtidarında olan kifayət qədər güclü dərman preparatları var. Təbii ki, xəstəliyin gecikdirilməsi xəstənin vəziyyətini ağırlaşdıra bilər. Bu vacib şərtlərdən biridir. Düzgün vaxtında diaqnoz qoyulmur və ya xəstə həkimə çox gec gedir.
Xəstə o vaxt həkimə gedir ki, artıq onda ağciyərin fəaliyyəti tamamilə sıradan çıxmış olur. Bütün bunlara baxmayaraq güclü reanimasyon tədbirlər xəstəni vəziyyətdən çıxarda bilər.
Əməkdar artistin oğlu soyuqdəymədən həyatını itirib. Soyuqdəymədən xəstə ölməz. Deməli orada nəsə başqa bir problem olub. Xəstədə elə bir ağır situsiaya yaranıb ki, onun qarşısını vaxtında ala bilməyiblər”.