AZ

Ermənistan Göyçə və Zəngəzura azərbaycanlıların qayıdışına yeni izah verir...

Image

Elnur Kəlbizadə: “Ermənistan Parlamentində "Şərəfim var" blokunu təmsil edən Tiqran Abramyanın şərəfi varsa, həqiqətləri etiraf etməlidir”

Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması məsələsinin aktuallaşması Ermənistan rəhbərliyini, eləcə də bu ölkənin ictimai-siyasi fəaliyyətlə məşğul olanlarını ciddi narahat edir. Odur ki, azərbaycanlıların öz yurdlarına qayıdış istəyinə müxtəlif don geydirməyə çalşırlar. 

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan yenə dezinformasiya yaymaqla, həqiqəti təhrif etməklə məşğul olur. 

T.Abramyan iddia edir ki, Azərbaycan sərhədlərin delimitasiyası prosesində Zəngəzur və Göyçə ərazisinə ona görə ciddi əhəmiyyət verir ki, o ərazilərdə azərbaycanlı qaçqınları yerləşdirmək niyyəti güdür. Onun iddiasına görə, Azərbaycan  guya Ermənistanın xüsusi strateji əhəmiyyətə malik olan bu bölgələrini “ələ keçirmək” istəyir.  

O vurğulayıb ki, azərbaycanlılar Göyçə və Zəngəzur bölgəsini mütəmadi olaraq xatırlayırlar. 

Yazır ki, Göyçə bölgəsinin və Göyçə gölünün strateji əhəmiyyəti, Zəngəzurun isə Naxçıvan və  Türkiyə ilə əlaqəsi gələcəkdə ona tam nəzarəti baxımından Azərbaycan  üçün çox önəmlidir. Azərbaycanın  o bölgələrin yerli əhalisini geri qaytarmaqda məqsədi hazırda Ermənistan ərazisi olan Göyçəyə və Zəngəzura guya ərazi iddiasından irəli gəlir. 

Bunlar soydaşlarımızın geri qayıdış hüququnu inkar etməklə yanaşı, həm də onların halal haqqını ləkələməyə çalışırlar. Aydın məsələdir ki, onlar azərbaycanlıların Göyçə, Zəngəzur ərazisindən deportasiya edildiyini ört-basdır etməyə çalışırlar. 

Məlumdur ki, azərbaycanlılar Göyçədən, Qərbi Zəngəzurdan və başqa bölgələrdən qovulublar. Tarixən Göyçə, Qərbi Zəngəzur Azərbaycan türklərinin yaşadığı, qədim mədəniyyət yaratdığı bir ərazi olub. Amma Abramyan kimiləri bunu etiraf etmək əvəzinə, Qərbi azərbaycanlıların geri qayıdışına başqa cür yanaşır və Azərbaycanın ərazi iddialarının başqa bir formada nümayişi donu geydirməyə çalışır. Amma Azərbaycan dövləti, Prezidenti dəfələrlə bəyan edib ki, bizim heç kəsin torpağında, ərazisində gözümüz yoxdur, Qərbi azərbaycanlıların öz yurdlarına ləyaqətli şəkildə qayıdışı təmin olunmalıdır. 

Erməni deputat Göyçə və Zəngəzurda Qərbi azərbaycanlıların yerləşdirilməsinə uyğun olmayan ad qoyur. Azərbaycan Qərbi azərbaycanlıları öz yurdlarına qaytarmaqla, guya Göyçə və Zəngəzuru işğal etmək istəyir. Ermənilər soydaşlarımızın geri qayıdış hüququnu səhv yerlərə yozub bunu ərazi iddiası kimi qələmə verməyə cəhd edirlər. Ermənistan tərəfi niyə bu məsələyə uyğun olmayan don geydirməyə, onu başqa yerlərə yozmağa çalışır?

“Erməni hökuməti, nəinki Qərbi Azərbaycana soydaşlarımızın...”

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nin şöbə müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “Tiqran Abramyanın bu cür antiazərbaycan çıxışları nə ilk, nə də sondur. Zəngəzur da, Başkənd də tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanlılar həmin ərazilərin aborigen və avtoxton sakinləri olmuşlar. Vaxtilə o ərazilərdən məcburən didərgin düşmüş soydaşlarımızın və onların övladlarının oraya qayıtmaq hüququ vardır. Bu, insan hüquqları məsələsidir. Bu, mülkiyyət hüquqlarının bərpa edilməsi məsələsidir. Azərbaycan dövləti, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın dövləti və hüquqlarının müdafiəçisidir”-deyə bildirdi. 

E.Kəlbizadənin sözlərinə görə, Ermənistan adlandırılan ərazidən qovulan insanların ləyaqətli həyat səviyyəsini təmin etmək üçün  Azərbaycan dövləti illər boyu milyardlarla vəsait sərf etmişdir. “Bu baxımdan Azərbaycan dövləti irəli sürdüyü tələblərdə tam haqlıdır. Erməni hökuməti, nəinki Qərbi Azərbaycana soydaşlarımızın qayıdış hüququnu təmin etməli, onların təhlükəsizliyinə zəmanət verməli, hətta Azərbaycanın sərf etdiyi maddi vəsaitlərin qaytarılmasına da başlamalıdır. Ermənistan Parlamentində "Şərəfim var" blokunu təmsil edən Tiqran Abramyanın şərəfi varsa, həqiqətləri etiraf etməlidir” - deyə E.Kəlbizadə bildirdi.

İradə SARIYEVA 





Seçilən
21
baki-xeber.com

1Mənbələr