Jurnalist Qənirə Ataşova burun əməliyyatından sonra komaya düşüb vəfat edən Nəzrin Həsənovayla (Mansurlu) bağlı bir çox məqamlara toxunub. O qeyd edib ki, “Liv Bona-Dea Hospital” kimi nüfuzlu və müasir avadanlığa malik klinikanın verdiyi rəylə ekspertizanın ilkin rəyinin ziddiyyət təşkil edir.
“Liv Bona Dea” klinikasının verdiyi rəydə “xəstənin kəllə sümüklərində sınıq və ya destruksiya izlənilmir” qeydi yazılıb. Amma ekspertiza xəstədə əməliyyat zamanı burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınması barədə ilkin rəy verib. Digər bir məqam “Liv Bona Dea” xəstəxanasının Nəzrin Mansurlunun maşından klinikayadək gəlişinin kadrlarını ictimaiyyətə açıqlamaması ilə bağlıdır.
Jurnalistin səsləndirdiyi iddialara münasibət öyrənmək üçün Teleqraf.com “Liv Bona Dea” klinikasıyla əlaqə saxlayıb.
Publika.az xəbər verir ki, klinikanın mətbuat katibi Samir Oruc Qənirə Ataşovanın da qeyd olunan fikirlərlə bağlı klinika ilə əlaqə saxladığını bildirib:
“Araşdırma məqsədiylə Baş Prokurorluqdan gələn bütün tələblər əsasında görüntüləri, sənədləri təqdim etmişik. Bizim xəstə yaxınlarının məlumatı olmadan, dövlət qurumları tərəfindən tələb olmadığı halda hansısa görüntünü kimləsə paylaşmaq icazəmiz yoxdur. Çünki bu, artıq hüquqi məsələdir. Qənirə xanımla danışığımız zamanı bunlar ona da bildirildi. Bu görüntülər ailənin hüquqi təmsilçisi olan vəkilə ailənin razılığı olduğu halda təqdim edilə bilər. Bu, video da, mətn də ola bilər”.