AZ

Dini qurumlarla bağlı yeni qanun layihəsində nələr daxil edilə bilər?

Azərbaycanda dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər. 

Bu məsələ Milli Məclisdə müzakirə olunub. Maraqlıdır, dini qurumlarla bağlı yeni qanun layihəsində nələr daxil edilə bilər?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, hər bir qanun zaman keçdikcə dövrün tələblərinə uyğun təkmilləşməlidir. Qüvvədə olduğu dövrdəki təsirləri, çatışmayan cəhətləri zaman çərçivəsində müşahidələr və nəticələrlə mülahizə edilib yenilənnəlidir:

 "Din sahəsi də həm həssas həm də önəmli sahələrdən biridir. Odur ki, xurafatçılığın, mövhumatın, dini radikalizmlə bağlı müəyyən vaxtlarda baş qaldıran cəhdlərin, multikultural dəyərlərə qarşı təsirlərin, tolerantlığımızı hədəf alan xarici amillərin qarşısının daha operativ, daha effektli alınması üçün qanunun da təkmilləşdirilməsinə görünür ehtiyac yaranır. Ölkədə sağlam dini mühitin davamlı olması, dövlət - din münasibətlərinin inkişafı üçün əlavə addımların atılması dini dəyərlərə olan diqqətdir. Dini qurumlarla bağlı yeni qanun layihəsində bu sahə üçün vacib olan bütün müddəaların əks olunması gözlənilir.

Dövlət ölkədə sağlam dini mühitin olması, dövlət - din münasibətlərinin qorunması, tolerantlığımızın təmini üçün kifayət qədər dəstək verir. Lakin bəzən kənar xarici müdaxilələr, təsirlər, pozuculuq niyyətləri müəyyən problemlərin qarşıya çıxmasına səbəb olur. Hesab edirəm ki, yeni qanun layihəsində elə müddəalar təsbit olunmalıdır ki, xalqımızın sağlam və mötədil dini inanclarına kənar mənfi təsirlər baş verməsin. Əks halda, tarixdən süzülüb gələn milli, dini tolerantlıq ənənələrimizə heç bir maneə yarana bilməz. Ölkədəki dini vəziyyəti korlamaq istəyən ən birinci xarici təsirlərdir. Bunun tam qarşısı alınmalıdır, xarici dini ədəbiyyatın xalqımızın inancına vurduğu zərbənin qarşısı alınmalıdır. Ümumiyyətlə bir çox məsələlər var, ümid edirəm ki, əgər belə bir qanun qəbul edilərsə orada həmin məsələlərə diqqət yönələcək. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı müzakirələr aparır. Gəncə və Naxçıvanda səyyar dinləmələr də nəzərdə tutulub. Milli Məclisin yaz sessiyasında bu məsələnin ortaya qoyulması gözlənilir".

Sevinc

Seçilən
15
3
hit.az

5Mənbələr