Xəbər verdiyimiz kimi Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə təqsirləndirilən şəxslərin - Bako Saakyanın, Erik Qazaryanın, Araik Harutyunyanın, Melikset Paşayanın, Arkadi Qukasyanın, Levon Mnatsakanyanın, Vasili Beglaryanın, Davit Allahverdiyanın vəkilləri çıxış edərək yeni vəsatətlər təqdim ediblər.
Müdafiəçilər verilmiş ittihamların bir qisminin təqsirləndirilən şəxslərə aid olmadığını bildirərək, cinayət təqibinə həmin hissələrdə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxslər vəkillərinin vəsatətlərini müdafiə ediblər.
A.Harutyunyanın vəkili vəsatət verərək, sübut siyahısına əlavə olunması üçün məhkəməyə sənəd təqdim edib.
Məhkəmə verilən vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə tərkibi müdafiə tərəfinin ötən məhkəmə prosesində və hazırkı iclasda qaldırdığı vəsatətlər barədə qərarı elan edib.
Qərara əsasən, müdafiə tərəfinin bəzi təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması və cinayət işinə bəzi epizodlarda hissəvi xitam verilməsi ilə bağlı vəsatətləri təmin etməyib.
A.Harutyunyanın təqdim etdiyi sənəd iş materiallarına əlavə olunub.
Həmçinin məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin olunub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta