AZ

"Adamın yaxını ölür, kredit götürür, yorğanına görə ayağını uzatmır" - Seyran Səxavət

“Füzulidə yas mərasimlərində qəbul edilən menyudan yaxşısı yoxdur. Allahın izni ilə nə vaxt dünyadan köçəsi olsam, bir gün qabaq uşaqlarıma deyəcəm ki, mənim də məclisimi füzulilərin yas yerindəki  kimi etsinlər. Yəni bu israfçılıq, əlavə şeylər çox mənasızdır. Adamın yaxını ölür və ona görə məcbur olub kredit götürür. Nə var ki, ora kimsə gələndə bir qarın yemək yeyəcək. Hamı yas mərasimlərini Füzulidəki və Naxçıvanın bir kəndindəki kimi etsə, heç kim artıq xərcə düşməz”.

Bunu Redaktor.Az-a açıqlamasında yazıçı Seyran Səxavət yas mərasimlərindəki israfçılıqdan danışarkən deyib.

O, bu cür artıq xərclərin mərasimlərdə yığışdırılmasının tərəfdarı olduğunu bildirib:

“Bu, bəzi din xadimlərinə təbii ki, sərf etmir, onlar üçün biznesdir. Tutaq ki, onların sayı Azərbaycanda 10 min olsun. Bəs 10 milyon insan bu tərəfdə əziyyət çəkir axı. Millət özü bunu düşünməlidir. Axı bu qədər israfçılıq, dəbdəbə nəyə lazımdır. Xarici filmlərə baxanda görürsən ki, milyarder bir insan ölür, xüsusi dəfn xidməti var onlar gəlib maşınla meyiti götürür və az sayda yaxın adamlarının iştirakı ilə onu dəfn edirlər”.

Yazıçı deyib ki, bizim camaat ayağını yorğanına görə uzatmır:

“Əvvəllər “QAZ-24” maşını var idi və ona kişi maşını deyirdilər. Guya o biri maşınlar arvad maşını idi. Adamlar borca girib o maşını alırdılar ki, buna desinlər kişinin volqası var. Azərbaycanda bu gün maşınlarına bahalı nömrələr vuran adamlar var. Bütün bunlar hamısı eyni kökdən qidalanır və bu mənbənin də adı milli şüurdur”.

 

Vasif ƏLİHÜSEYN

Seçilən
30
hurriyyet.az

1Mənbələr