AZ

O gözlər qəlbin aynasıdır ki... (Oçerk)

Hamı dünyaya eyni cür gəlir, amma eyni cür yaşamır. Kimisi öz gücünə tapınaraq gələcəyinə doğru müstəqim addımlarla irəliləyir, kimisi də sonadək davam gətirə bilmir, geri çəkilir...Lakin bütün dövrlərdə mübarizlər, tutduqları yoldan dönməyənlər sonda el hörməti, sınmaz etibar və inam qazanır, adı-əməli nümunə olur.

...Onun barəsində Gəncədə, Daşkəsəndə, Tərtərdə, Beyləqanda eşitmişdim. Barəsində söhbət açanlar belə bilikli həkimə, qayğıkeş insana az rast gəldiklərindən ağızdolusu danışırdılar. Biri özünün, o biri oğlunun, digəri nəvəsinin tutulmaqda olan gözlərini müalicə edən həkimin xəstələrə qayğısını, humanist keyfiyyətlərini yüksək qiymətləndirərək deyirdilər:-Halal olsun kişinin qızına, əşi, həkim belə olar, özü də alimdir eee!  

Bəs söhbət kimdən gedir? Respublikamızın müxtəlif guşələrində belə el məhəbbəti qazanmış o həkim harada çalışır?

Onu çox da axtarmadıq, soraq bizi Akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinə gətirdi. Orada elmi mərkəzin rəhbəri, tibb elmləri namizədi Minarə Quliyevanın necə böyük rəğbət və hörmət qazandığının şahidi olduq. Ancaq Minarə həkim bu nüfuzlu dövlət müəssisəsinə gəlib çıxanadək tibb elminin çətin yollarından keçib.

***

Bir ailənin tarixçəsi

Tovuz şəhərində Həmid müəllimin və Mayisə xanımın ailəsi rayonun nümunəvi ailələrindən biri kimi tanınırdı. Həmid müəllim ali məktəbi bitirəndən sonra Moskvada meşəçilik mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Sonra doğma Tovuza qayıtmış, yüz illərlə  ilan mələyən min hektarlarla boş ərazidə yaşıllıq və meşə salmaq məsələsini qaldıranda onun bu fikrini ciddiyə almamışdılar. Buna baxmayaraq o, dediyinin üstündə möhkəm duraraq cəmi bir neçə il müddətində zəngin meşə sahəsi salmış, o yerləri gülüstana çevirmişdi. Ancaq bunlar elə-belə başa gəlməmişdi. Şahidi olanlar nəql edirlər ki, o, hətta gecələr  öz əli ilə əkdiyi körpə tingləri suvarır, bəzən də səhərə qədər işindən ayrılmırdı. Çünki gündüzlər su daha vacib hesab edilən taxıl, arpa, yonca və digər sahələrə tutulurdu. Nəhayət, bir neçə ildən sonra əkib-becərdiyi tinglər heyrətamiz bir yaşıllıq zonasına çevrildi.

Dövlət tərəfindən Həmid Quliyevin xidmətləri yüksək qiymətləndirilmiş, ona “SSRİ-nin Əməkdar meşəçisi” fəxri adı verilmiş, bir neçə orden və medalla təltif edilmişdi. Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra Prezident təqaüdçüsü olmuşdu.

Həmid Quliyevin meşəçilik təcrübəsi o zamankı SSRİ miqyasında geniş yayılırdı. Azərbaycanın və SSRİ-nin Meşə Təsərrüfatı nazirliklərində onun işindən razılıqla danışırdılar. Moskvada, nazirlikdə onun qabaqcıl iş təcrübəsinin digər müttəfiq respublikalarda da yayılması və öyrənilməsi tövsiyə edildi. Baltikyanı ölkələrdən Həmid Quliyevin nümunəvi fəaliyyətinin öyrənmək üçün meşəçilər Tovuza gəlmişdilər. Həmid Quliyev qonaqları xoşüzlə qarşılaməş, azərbaycanlı qonaqpərvərliyini göstərmiş, eyni zamanda, iş təcrübəsini öyrətmişdi. Qonaqlar öz vətənlərinə Azərbaycandan xoş təəssüratlarla qayıtmışdılar.

Söhbət ona həmin vaxt ən yüksək ad olan Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsindən gedəndə iddiaları təmin olunmayan bədxahları buna paxıllıq edərək hərəkətə keçdilər. Onlar  SSRİ və Azərbaycan rəhbərliklərinə donoslar göndərdilər, ömür boyu rüşvət alıb-verməyən, ailəsini halal qazancı ilə dolandıran vicdanı təmiz bir adamı ləkələmək, dövlət yanında etibardan və hörmətdən salmaq üçün dəridən-qabıqdan çıxdılar.  Ancaq Həmid Quliyev ad-san, var-dövlət üçün çalışmırdı. Sadəcə, ləyaqətli  bir vətəndaş kimi ömürboyu öz vicdanı qarşısında təmiz qalmaq üçün ailəsini halal çörəklə dolandırırdı. Bu, ona ata-babasından qalma vəsiyyət idi. Onun əqidəsinə görə, varlı süfrəsinin pişiyi olmaqdansa, öz kasıb süfrəsinin pələngi olmaq daha yaxşı idi. Digər tərəfdən də Mircəfər Bağırovun rəhbər olduğu Azərbaycanda on-on beş kiloqram taxılın əskik gəlməsinə görə güllələnənləri də görmüşdü.

Həmid müəllim yəqin şairlər, aşıqlar məskənindən olduğu üçün  “Meşəbəyi” şeirini çox sevərdi, hətta əzbər bilirdi.

Kef üstündə kefimizi

Gəldi sordu meşəbəyi.

- Buyur, - dedik atdan düşdü,

Bardaş qurdu meşəbəyi.

Qamçısını atdı sola,

Çantasını çəkdi dala,

Şirin-şirin, bala-bala

Bizlə “vurdu” meşəbəyi.

Beş övlad anası Mayisə xanım isə ömür-gün yoldaşının və uşaqların qayğısını çəkməklə məşğul olurdu. Təhsil almasa da, geniş dünyagörüşlü, düşüncələrindən ziyalılıq yağan bir xanım idi. Valideynlər övladların oxumalarına, bilik qazanmalarına lazımi şərait yaratsalar da, peşə seçimlərində sərbəst olmalarına maneçilik etmirdilər, “qoy yaxşı oxusunlar, sevdikləri peşənin ardınca getsinlər” deyirdilər. Ona görə də ailədə böyüyən dörd oğulun və qızın hər biri öz istəyinin ardınca getdi. Bu minvalla İman, Davud, Sahib və Azər müxtəlif peşələri mənimsəyərək cəmiyyətimizin layiqli üzvləri oldular.

Minarənin arzusu...

Quliyevlər ailəsinin yeganə qızı Minarə uşaqlıq illərində atasının və nənəsinin uzun müddət gözlərinin ağrıdığını, müalicə olunduqlarını gördükcə xiffət çəkir, uşaq təfəkkürü ilə gələcəkdə göz həkimi olmağı arzulayırdı. Hətta dördüncü sinifdə oxuyarkən yazdığı inşada gələcəkdə göz həkimi olacağını, bu xəstəlikdən əziyyət çəkənləri xilas edəcəyini vurğulamışdı. Oxuduğu Tovuz şəhərindəki 5 saylı orta məktəbi rusdilli olsa da iti zəkaya malik balaca Minarə çalışqan şagird kimi bütün dərslərdən əla qiymət alırdı. Rus dili və ədəbiyyatı müəllimi Konstantin Rabışkin sevimli şagirdinə böyük ümidlər bəslədiyini deyirdi.

-Qızım, zəhmətlə qazandığın biliklər səni öz arzuna çatdıracaq. Yetər ki, fikrində ardıcıl olasan.

...Quşqanadlı illər tez ötüb keçdi. Müəllimləri onun gələcəyinə inam bəsləyir, bilirdilər ki, belə biliklə hansı ali məktəbə getsə daxil olacaq. Orta məktəbi qızıl medala layiq bitirsə də lakin ona qarşı ədalətsizlik etdilər, haqq etdiyi mükafatı vermədilər. Elə həmin il, yəni 1980-ci ildə orta məktəbi başa vuran Minarə sənədlərini Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə işi fakültəsinə verdi. İmtahanlardan yüksək qiymətlər alaraq illərboyu arzuladığı ali məktəbə qəbul edildi. O gün sevincinin həddi-hüdudu yox idi, axı, böyük müsabiqədən uğurla çıxmışdı.

İnstitut illərində həsrətində olduğu peşəni incəliklərinə qədər öyrənməyə çalışdı. 1986-cı ildə institutu bitirərək Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda internaturanı, altı il sonra isə ordinaturanı bitirdi. Həmin il institutun Gözün yoluxucu xəstəlikləri və kornea cərrahiyyəsi şöbəsinə işə qəbul olundu.

2001-ci ildə Moskvada aspiranturaya daxil olub oranı müvəffəqiyyətlə bitirəndən sonra 2006-cı ildə göz xəstəlikləri mövzusunda dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi aldı. İki il sonra Akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzində Gözün yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Hazırda isə burada elmi mərkəzin rəhbəridir. Təbii ki, Minarə xanım ona göstərilən etimadı öz layiqli əməyi ilə qazanıb.

O vaxtdan indiyədək keçən illərdə Minarə həkim göz ağrısından əziyyət çəkən minlərlə soydaşımızı ağrı və iztirablardan xilas edib. Həkim indi təəssüflə bildirir ki, gözləri ağrıyan atama və nənəmə kömək etməkdə aciz qaldığım uşaqlıq illərini xatırlayanda kövrəlirəm. Onunla təsəlli tapıram ki, əvəzində minlərlə göz xəstəsinə yardım etmişəm...

Daşkəsən rayonunun Bayan kəndində yaşayan ədəbiyyat müəllimi Əliqamət Əliyevlə söhbət zamanı minnətdarlıqla bildirdi ki, neçə ildir ağır göz xəstəliyinə düçar olub. Minarə həkimin köməyi ilə gözləri görmə qabiliyyətini itirmək təhlükəsindən sovuşub.  Müəllim qayğıkeş həkimə sonsuz minnətdarlığını ifadə etdi.

Bəli, Minarə xanım otuz doqquz ildir ki, tibbin peyğəmbəri sayılan Hippokrat andına sadiq qalaraq xəstələrə şəfa bəxş edir, loğman, təbib adının şərəfini uca tutur.

***

Milli irsə bağlı vətəndaş

Oçerkimizin qəhrəmanı çalışdığı sahənin bilicisi olmaqla bərabər,  digər sahələrdən də xəbərdar olan bir vətəndaş kimi yetişib. Hələ gənclik illərində özünün həm peşə, həm də mədəni səviyyəsini yüksəltmək üçün tibb ədəbiyyatı ilə bərabər, Azərbaycan şair və yazıçılarının əsərlərini də sevə-sevə mütaliə edirdi. Rus ədəbiyyatının görkəmli nümayəndələri Aleksandr Puşkin, Mixail Lermontov, Lev Tolstoy, Maksim Qorki, Mixail Şoloxov, Konstantin Simonovla yanaşı, böyük Azərbaycan şairləri, dünyaca məşhur Nizami Gəncəvi, Füzuli, Nəsimi, Səməd Vurğun, yazıçılar Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn və başqalarının əsərlərini də həvəslə oxuyurdu. Süleyman Rəhimovun “Saçlı” povestinin personajlarını hələ də xatırlayır. Baxmayaraq ki, orta və ali məktəbləri rus dilində oxuyub, dissertasiyasını bu dildə müdafiə edib, ancaq öz ədəbiyyatımızdan, tariximizdən, folklorumuzdan xəbərdar olmağı ön planda saxlayırdı. Bu barədə söz düşəndə: “Onlar ulu və müdrik bir xalq kimi bizim milli varlığımızın göstəriciləridir”-deyr Minarə xanım.

Gözlərə nur verən həkim özü də aşıq havalarını, muğamlarımızı, bəstəkar mahnılarımızı maraqla dinləyir. Unudulmaz şairimiz İslam Səfərlinin 1980-ci ildə yaddaqalan teatr həyatı qazanan məşhur “Göz həkimi” film-tamaşası onun maraqla izlədiyi səhnə əsəridir.

Həyatının bir tərəfi həmişə elmə bağlı olan tibb elmləri namizədi Minarə xanım Quliyeva neçə ildir ki, doktorluq dissertasiyası üzərində işləyərək elmi mövzusunu müdafiəyə hazırlayıb. Şübhə yoxdur ki, yaxın vaxtlarda elmin daha yüksək pilləsinə ucalacaqdır.

Dediyimiz kimi, Minarə xanım bədii ədəbiyyatı, musiqini, incə lirikanı sevən həkim-alimlərimizdəndir. Bunu söylədiyi bir fikir aydın göstərir:

“Deyirlər cözlər qəlbin aynasıdır. Bəli, razıyam. Amma o gözlər onda qəlbin aynası olur ki, orada ağrılar, xəstəliklər yoxdur. Axı, insanların qəlbi gözlərindən oxunur.”

Səhiyyə işçiləri arasında baş ucaldan həkimlər barədə belə bir deyim var: “Tibbin qızıl fondu.”  “Təbii ki, o fonda müqəddəs peşənin hörmətini zirvəyə qaldıran, xalqın inamını doğruldan, ömrünü insanların sağlamlığına həsr edən həkimləri aid edirlər. Burada bir həqiqət  var. Minarə Quliyeva da inam və şərəf qazanmış həmin “qızıl fond”da qərar tutan həkim-alimlərimizdəndir. O, dünyada həkimlərin şahı adlandırılan Əbu Əli İbn-Sinanın məşhur bir kəlamını unutmur: “Ümidsiz xəstə yoxdur, ümidsiz həkim var.”

Ömrünü el yolunda şam kimi əridən Minarə Quliyeva həm həkim, həm də alim kimi göz xəstəliklərindən əziyyət çəkənlərin ümid yeridir. O, bu şərəfli missiyasını bu gün də davam etdirməkdədir...

Vəli İlyasov, “İki sahil”

Seçilən
21
50
ikisahil.az

10Mənbələr