Ukrayna Prezidenti Volodimir Zelenski cəbhənin ehtiyaclarını təmin etmək üçün 25 yaşdan yuxarı şəxslərin səfərbərliyinin yetərli olmadığını açıqlayıb.
“Report” xəbər verir ki, o bu barədə “Il Foglio” qəzetinə müsahibəsində bildirib.
“Qanunvericiliyə əsasən, hazırda 25 yaşdan yuxarı insanlar səfərbərliyə alınır. Bu proses davam edir və bu yaşda yetərincə çox insan cəlb olunur. Onların rotasiyaları və məzuniyyətləri var, lakin şübhəsiz ki, bu kifayət deyil”, – o qeyd edib.
Cəbhədəki rotasiyalar kontekstində Ukrayna lideri hərbçilərin belə bir tələbinin olduğunu etiraf edib, lakin hərbi vəziyyət şəraitində Ukrayna bütün mövcud resursları səfərbər edir.
“Əgər sabah, məsələn, ordunun yarısı evə getsə, onda birinci gün təslim olmaq lazım olacaq”, – Zelenski vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Ukraynada səfərbərlik yaşının 18-ə endirilməsi mövzusu daha tez-tez qaldırılır. Əvvəlki Amerika administrasiyasında dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifələrini tutan Entoni Blinken və Ceyk Sallivan səfərbərlik yaşının azaldılmasının zəruriliyini bəyan ediblər. Oxşar bəyanatları artıq ABŞ-nin yeni prezidenti Donald Trampın komandasında da səsləndirirlər.