AZ

“Azərbaycan Məktəbi” jurnalının redaksiya heyəti üzvlərinin görüşü keçirilib

“Azərbaycan Məktəbi” – yeni yüzilliyə yeni planlarla

27 yanvar tarixində Təhsil İnstitutunda “Azərbaycan Məktəbi” jurnalının redaksiya heyəti üzvlərinin görüşü keçirilib. Görüşün məqsədi jurnalın ötən dövrdəki fəaliyyətinə nəzər salmaq və gələcək yaradıcılıq planlarını müzakirə etmək olub.

Jurnalın baş redaktoru Arzu Soltan jurnalın qarşısında duran vəzifələrdən danışarkən elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Məktəbi” jurnalının 100 illiyi ilə bağlı keçirilən yubiley tədbirindəki çıxışından irəli gələn tapşırıqları da diqqətə çatdırıb. O, jurnalın qarşısında qoyulan məqsədlər kimi metodik dəstək məzmunlu məqalələrin yazılması, ana dilində məqalələrə üstünlük verilməsi, beynəlxalq qiymətləndirmə proqramlarının nəticələrinin təhlili ilə araşdırmaların əhəmiyyətini vurğulayıb.

Tədbirdə professorlar İntiqam Cəbrayılov, Müseyib İlyasov, Fərrux Rüstəmov, Hümeyir Əhmədov, fəlsəfə doktoru Ülviyyə Mikayılova, SDU-nun prorektoru Könül Abaslı, BŞTİ-nin sektor müdiri Anar Mustafazadə, dosent Qalib Şərifov, ARTİ-nin şöbə müdiri Leyla Sultanlı və İlahə Tağıyeva çıxış edərək jurnalın pedaqoji kadrların yetişdirilməsində müstəsna əhəmiyyətini vurğulayıb, yeni dövr üçün müxtəlif təkliflər səsləndiriblər.

Jurnalda işıqlandırılması vacib sayılan mövzular, o cümlədən 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik ili” kimi qeyd olunması ilə bağlı hansı mövzularda məqalə yazılmasının aktuallığı da müzakirə edilib.

Görüşdə mövzuların müəyyənləşdirilməsi ilə yanaşı, jurnalın əhatə dairəsinin genişləndirilməsi, daha böyük auditoriyaya çatdırılması ilə bağlı görüləcək tədbirlər haqında fikir mübadiləsi aparılıb.

Seçilən
8
tehsil.biz

1Mənbələr