AZ

Fərhad Quliyev: Bu il biz 15 arxeoloji ekspedisiyanın təşkil edilməsini planlaşdırırıq

AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin və Gəncə Bölməsinin 2024-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Tədbir öncəsi Rəyasət Heyətinin binasının böyük konfrans zalının foyesində AMEA Arxeologiya və Antropologiya İnstitutunun 2024-cü ildə apardığı arxeoloji tədqiqatları əks etdirən arxeoloji tapıntıların nümayişi, tədqiqat ərazilərinin təsvirlərini göstərən videoçarxlar, bannerlər, həmçinin dərc edilmiş tədqiqat əsərləri sərgilənib. Azərbaycan arxeoloqlarının əldə etdikləri uğurları nümayiş etdirən “Keşikçidağ” Dövlət-Tarix Mədəniyyət Qoruğunun xüsusi fərqlənən sərgisi ilə yanaşı, açıq ekspozisiyada həm də “Çıraqqala-Şabran” Dövlət-Tarix Mədəniyyət Qoruğunun da sərgisi təqdim olunub.

Bu barədə TƏHSİL.BİZ -ə Arxeologiya və Antropologiya İnstitutundan bildirilib. İclasda çıxış edən Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü dosent Fərhad Quliyev 2024-cü ildə institutun əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb. Fərhad Quliyev çıxışında deyib: “Biz Arxeologiya və Antropologiya İnstitutu olaraq 2024-cü ildə cəmiyyətin qarşımızda qoyduğu ən aktual elmi mövzuları üzrə araşdırmalarımızı davam etdirdik. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində akademiya rəhbərliyi ilə razılaşdırılmış fəaliyyət planına əsasən biz qısa müddətdə çox çevik şəkildə tədqiqatlarımızı təşkil etdik.

Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda ermənilərin 30 il ərzində məhv etdiyi mədəni irsimizin bərpası işinə bizim institut da cəlb edilib.

Azərbaycan Prezidentinin göstərişi ilə Ağdam şəhərində yerləşmiş Pənahəli xan və İmarət Kompleksinin, yəni Qarabağ xanlarının nekropolunun bərpası, tarixi gerçəkliyin geri qaytarılması istiqamətində institut tərəfindən böyük işlər görülüb. Komplekslə bağlı tədqiqat işləri davam etməkdədir. İnstitut Xocalı nekropolunda tədqiqatlara artıq start verib. Əsgəran qalasında qazıntılar bərpa olunub. Eyni zamanda, institut əməkdaşları Ağdam rayonunda yerləşən Şahbulaq Abidələr Kompleksində, Füzuli rayonundakı Yedditəpə kurqanlarında, Şərqi Zəngəzurda Şəhri Şərifan orta əsr şəhər yerində tədqiqatlar davam etdirilib. Qafqaz Albaniyasının maddi mədəni irsi isə institutun tədqiqat planında prioritet istiqamətlərindən biridir.

İşğalçıların qurduğu qondarma rejim uzun illər Azıx və Tağlar mağaralarında qanunsuz qazıntılar təşkil edib. Özünü tanıtmaq və Azərbaycanın maddi mədəniyyət abidələrini özününküləşdirmək üçün qondarma rejim tərəfindən hətta “beynəlxalq ekspedisiyalar” təşkil edilib. Ərazilərimiz azad edildikdən sonra, Prezidentin dediyi kimi, Azərbaycan arxeoloqları və arxeoloqlarımızın dəvət etdiyi xarici həmkarlarımızla birgə bu abidələr tədqiq edilməyə başlanıb. Hazırda biz həmin abidələrdən götürdüyümüz nümunələrin Yaponiya və Danimarkanın müvafiq laboratoriyalarında analizlərinin nəticələrini gözləyirik”.

Ötən il institutun 40 arxeoloji ekspedisiyasının fəaliyyət göstərdiyini, onlardan doqquzunun beynəlxalq statuslu olduğunu vurğulayan F.Quliyev deyib: “Bu il biz 15 arxeoloji ekspedisiyanın təşkil edilməsini planlaşdırırıq. Onların sırasında beynəlxalq statuslu ekspedisiyaların fəaliyyət göstərməsi nailiyyətlərimizdən biridir. Ümumiyyətlə, biz beynəlxalq arxeoloji ekspedisiyaların əhatəsinin genişləndirməsini prioritet kimi nəzərdə tuturuq. Çünki bu formatda ekspedisiyalar bizim arxeologiyanın müasir tələblərə cavab verməsində mühüm rol oynayır. Son 20 il ilə müqayisədə 2023-cü və 2024-cü illərdə beynəlxalq arxeoloji ekspedisiyaların sayında artıma nail olmuşuq. Bu il də bu yöndə göstəricilərimizin artacağına ümidliyik.

Yeniliklər ərəfəsindəyik. Bu tədqiqatlar, doğrudan da, böyük fədakarlıq, vətənpərvərlik və peşəkarlıq nəticəsində ortaya çıxıb. Biz çox istərdik ki, bu fədakarlıq və peşəkarlıq, tədqiqatçı alimləri narahat edən sosial məsələlərin həlli ilə də dəstəklənsin. Bizim alimlərimizin sosial şəraiti daha yaxşı olsun ki, ikiqat nəticə verə bilək. Buna gücümüz var. Hazırda AMEA öz şəffaflıq dövrünü yaşayır və tədqiqatçılarımız da daha uğurlu tədqiqatlar aparmağa hazırdır”.

Artıq arxeologiyada multidisiplinar tədqiqatlara üstünlük verdiklərini deyən institut rəhbəri bildirib: “Yeni laboratoriyaların təşkili, müxtəlif elmlərin iştirakı ilə laborator araşdırmaların nəticələrini əldə etmək istəyirik. Artıq Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə laboratoriyanın təşkili və Qarabağda gedən tədqiqatlarda Qarabağ Universitetinin tələbələrinin iştirakı və orada arxeoloji tədqiqatlarda bizim tədqiqatçılara şərait yaradılması sahəsində işlər görülməkdədir. Bakı Dövlət Universiteti ilə biz artıq Antropoloji laboratoriyanın yaradılması məsələsini həyata keçiririk”.

O qeyd edib ki, institut qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xətti ilə aparılan tədqiqatlarda iştirak edir. 30 il ərzində döyüşlərdə və işğal zamanı itkin düşmüş və əsirlikdə taleyi naməlum vətəndaşlarımızın elmi və müasir dünyanın istifadə etdiyi metodoloji əsasda axtarışlarına bizim gənc arxeoloqlar və antropoloqlar cəlb olunub. Bu tədqiqatlar əsasən arxeoloqlar və antropoloqlar tərəfindən aparılmaqdadır.

“Müvafiq dövlət orqanlarının və AMEA rəhbərliyinin dəstəyi ilə biz artıq akademiyada aparılan islahatlar nəticəsində Məhkəmə antropologiyası şöbəsini yaratdıq. Hazırda iki əməkdaşımız dövlətin dəstəyi ilə Türkiyədə ədliyyə antropologiyası sahəsində doktoranturada, bir nəfər isə magistraturada oxuyur. Yəni Azərbaycanda həm arxeoloji, həm antropoloji tədqiqatlarla bərabər digər elmlərin fövqündə birgə araşdırmalar dövrü yaşanmaqdadır. Məhz multidisiplinar araşdırmalar, arxeometrik tədqiqatlar Azərbaycan xalqının tarixini, kökünü və keçmişini daha dəqiq şəkildə tədqiq etməyə imkan verəcək.

Azərbaycanın bütün bölgələrində ekspedisiyalarımız işləyir. Biz qazıntılarımızın daha keyfiyyətli olmasına çalışırıq. Biz kiçik ekspedisiyaların deyil, savadlı mütəxəssislərin cəlb olunduğu daha çox böyük ekspedisiyalarda tədqiqatların təşkilinə üstünlük veririk”, - deyə institutun rəhbəri fikrini yekunlaşdırıb.

Seçilən
15
tehsil.biz

1Mənbələr