Fərdi Məlumatların Mühafizəsi Günüdür!
Şəxsi məlumatların toxunulmazlıq hüququ beynəlxalq hüquqda əsas insan hüquqlarından biri hesab olunur. Telekommunikasiya vasitələrindən, xüsusi ilə internetdən istifadənin artması və fərdi məlumatların mühafizəsini təhdid edən texnologiyaların sürətli inkişafı şəxsi həyatın toxunulmazlığı hüququ ilə bağlı narahatlıqların artmasına səbəb olub. Qlobal miqyasda olduğu kimi Azərbaycanda da bu sahədə qanunsuz və özbaşına müdaxilələrin mövcudluğu halları labüddür. Bu baxımdan şəxsi həyatın toxunulmazlığı hüququnun əhəmiyyətli komponenti hesab edilən fərdi məlumatların gizliliyinə dair hüquqların müdafiəsinin gücləndirilməsi strateji məqsədlərdən biridir.
44 yaşlı Konvensiya...
Yeri gəlmişkən, bu gün dünyada Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. İlk dəfə 1981-ci il yanvarın 28-də Avropa Şurası tərəfindən Strasburqda “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib. Fərdi Məlumatların Mühafizəsi Gününü qeyd etmək qərarı isə 2006-cı il aprelin 26-da Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Bu tarixin qeyd edilməsində məqsəd geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini xatırlatmaqdır. Azərbaycan isə sözügedən konvensiyaya 2010-cu il sentyabrın 1-dən qoşulub.
Artıq fərdi məlumatların kompyuter emalı vətəndaşlar üçün adi hala çevrilib. Bunlardan iş, inzibati rəsmiyyət, səhiyyə, alış-veriş, xidmət, səyahət sahələrini, internetdə naviqasiyanı və s. göstərmək olar. Məlumatların mühafizəsi şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək, ifadə və vicdan azadlığı kimi digər əsas hüquqların həyata keçirilməsinin birinci dərəcəli şərtidir.
Yeni informasiya sistemi yaradıldı!
Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, ölkəmizdə “Milli Məkan Məlumatları” informasiya sistemi yaradılıb. Dövlət başçısının tapşırığına əsasən, İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birlikdə “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin edəcək. Eyni zamanda, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat sistemi infrastrukturunu dövlət informasiya ehtiyatları sistemlərinə inteqrasiyası ilə bağlı zəruri addımlar atacaq.
“Milli Məkan Məlumatları” informasiya sistemi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin, habelə dövlət adından yaradılan publik hüquqi şəxslərin, eləcə də büdcə təşkilatları bələdiyyələrin fəaliyyətini vahid informasiya blokunda birləşdirəcək. Məqsəd bütün bu qurumların fəaliyyəti ilə bağlı zəruri məlumatların bir mərkəzdə toplanması və emalının təmin edilməsi, bu yolla həmin təşkilatların gördüyü işlər barədə operativ və detallı informasiyaları cəmiyyətə təqdim etməkdir. Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Nəticədə bu müasir informasiya siyasətinin təşkili sayəsində dövlət təşkilatlarının fəaliyyətinin səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.
Məlumatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq
Milli Məkan Məlumatları sisteminin yaradılması, eyni zamanda, məlumatların emalı və saxlanmasında təkrarçılığın aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşımaqla, dövlət büdcəsindən bu sahəyə ayrılan pul vəsaitlərinin qənatəinə də imkan verəcək, həmçinin vəsaitlərin səmərəli idarə edilməsinə səbəb olacaq.
Milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində, keyfiyyətli və operativ göstərilməsi üçün bütün zəruri rəqəmsal infrastrukturlar qurulacaq. Sistemin texniki-texnoloji infrastrukturu proqram təminatı, informasiya ehtiyatı və onun idarəetmə panelinə, telekommunikasiya qurğuları və kanallarına, ehtiyat nüsxələrə söykənəcək. Proqram təminatı və digər texniki vasitələr vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurulacaq. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları İqtisadiyyat Nazirliyinin struktur bölmələri tərəfindən formalaşdırılacaq.
Müvafiq təşkilatlar öz informasiyalarını sistemə Elektron Hökumət İnformasiya Sistemi üzərindən mübadilə etməklə həyata keçirəcək. Məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sistemin informasiya nüsxələri “Hökumət buludu”nda saxlanılacaq. Müvafiq qurumların sistemə daxil olması üçün rəqəmsal imza, o cümlədən elektron imza tələb olunur, bütün məlumatlar həmin rəqəmsal imzalarla rəsmiləşdiriləcək.
Yeganə BAYRAMOVA