Rəsul Cahangirli: “Bilavasitə əvvəlki metropoliten rəhbərliyi buna görə məsuliyyət daşıyır”
Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub. Bundan başqa, layihələrin ilkin planlaşdırılması zamanı texniki-iqtisadi əsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nəzərdə tutulan vəsaitin Dövlət İnvestisiya Proqramına ümumi adla daxil edilməsi icra prosesində həmin vəsaitin bir hissəsinin istismar xərclərinə yönəldilməsinə şərait yaradıb. Eyni zamanda, smeta sənədlərində və müqavilələrdə aparılan dəyişikliklər layihələrin icrasını uzadıb. Audit zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilmədən 559,7 min manatlıq işlərin rəsmiləşdirildiyi, 712,9 min manat dəyərində işlərin isə tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilib. Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb.
Dəfələrlə metronun qiyməti qaldırıldı və hər dəfə metro rəhbərliyi bəyan edirdi ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir, amma bunu “Bakı Metropoliteni” QSC əsaslandırmırdı. Əsaslandırmırdılar ki, sərnişindaşımanın maya dəyəri necə yüksəkdir. Hətta utanmazcasına minnət də qoyurdular ki, qiymət artımı sərnişindaşımaya çəkilən xərcləri ödəmir. Yerdə qalan xərcləri “Bakı Metropoliteni” QSC öz imkanları hesabına qarşılayır. Metroda qiymət artımına birinci dəfə 2009-cu ildə gedildi. O vaxt 5 qəpik olan gediş haqqı birdən-birə 15 qəpiyə qaldırıldı. Daha sonra gediş haqqı 20, 30, 40 və ən nəhayət 50 qəpik edildi. Hər dəfə də eyni fikirlər səsləndirildi. Guya artımlar xərcləri ödəmir. Əslində metroda gediş haqqı avtobus və digər ictimai nəqliyyat vasitələri ilə müqayisədə aşağı olmalıdır. Çünki bu nəqliyyat vasitəsindən əhalinin əsasən aztəminatlı təbəqəsi, xüsusən də tələbələr istifadə edir. Bizdə isə metroda gediş haqqı 50 qəpikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. İndi isə rəsmi səviyyədə məlum olur ki, metroda gediş haqqının maya dəyəri illərdir şişirdilib ki, gediş haqqını artırmaq üçün “əsas” yaratsınlar.
“...buna səbəb olanlar ciddi cəzalandırılmalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, bütün bunlar əslində metro rəhbərliyinin əhalinin cibinə girməsi deməkdir: “Buna başqa ad verməkdə çətinlik çəkirəm. Bu, həm də əslində bir cinayətdir. Məsələ ondadır ki, yeni metro stansiyaları dövlət vəsaiti hesabına tikilir. Üstəlik, hər il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə milyonlarla manat dotasiya verilib. Bütün bunların fonunda sərnişindaşımanın maya dəyəri süni şəkildə artırılırsa, ki, artıq bu da sübut olundu. Ona görə də bunu edənlər məsuliyyətə cəlb edilməlidir. Bilavasitə əvvəlki metropoliten rəhbərliyi buna görə məsuliyyət daşıyır. Çünki gediş haqqının süni şəkildə qaldırılması həm əhalinin aztəminatlı təbəqəsinin sosial durumuna bilavasitə mənfi təsir göstərib, həm də ictimai narazılıqlara səbəb olub. Üstəlik, bu cür qiymət artımları əhali tərəfindən mənfi qarşılanır. Ona görə də buna səbəb olanlar ciddi cəzalandırılmalıdır”.
Vidadi ORDAHALLI