AZ

Bunun 3-ü, 7-si, cümə axşamları var: Dəbdəbəli yas mərasimləri  - ölü yaddan çıxır, hamı ehsan dərdi çəkir

Bu il  yanvarın 1-dən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında, cümə axşamları (bir cümə axşamı saxlanılmaqla) həyata keçirilmir.

Bakıvaxtı.az xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin məlumatına görə, son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib.

Belə ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min manat xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla orta hesabla 3000 manata qədər vəsait tələb olunur.

Maraqlıdır, bu addım bütün bölgələrimizdə atıla bilərmi?

Ceyhun Məmmədov: 3 gündən artıq yasın saxlanılması İslamda yoxdur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, insanların öz istəyi ilə belə bir təşəbbüsü qəbul etməsi, ona görə addımların atılması təqdirəlayiqdir.

C.Məmmədov nəzərə çatdırıb ki, İslamda cümə axşamı, 7, 40 kimi mərasimlərin heç biri yoxdur və insan dünyasını dəyişdikdən sonra ona yalnız 3 gün yas saxlanıla bilər. 3 gündən artıq yasın saxlanılması, təmtəraqlı yasın keçirilməsi də İslamda yoxdur. Deputatb qeyd edib ki, bu, insanlar tərəfindən sonradan formalaşdırılan və meydana gətirilən bir ənənədir.

Müsahibimiz vurğulayıb ki, bu gün Azərbaycanda əksəriyyətin yasların təmtəraqla keçirilməsi məsələsindən şikayətçidir və ona görə də bu addım bütün bölgələrimizdə atılmalıdır:

“Dinə görə dünyasını dəyişən insanın evində yemək bişməli deyil. Onun qonşuları, yaxınları yemək bişirib gətirməlidir. Yəni dünyasını dəyişən insanın ailəsi onsuz da kədərlidir. Üstəlik onun bu formada işlərin arxasınca getməsi ölüsünü yola salmasında çətinlik yaradır. Bu insan bilmir ki, kədərlənsin, hüznlənsin, yoxsa yer axtarsın, yeməklə maraqlansın. Çay ola bilər, yüngül süfrə ola bilər. Bu, normaldır. Söhbət hər il Azərbaycanda 100 milyonlarla israfçılıqdan gedir. Əgər bir rayonda 19 milyondan söhbət gedirsə, siz baxın hər il Azərbaycanda nə qədər vəsait israf olunur. Kimsə xeyir iş görmək istəyirsə, kimsə ehsan vermək istəyirsə, həmin vəsaiti imkansız insanlara verə bilər. Amma bu formada vəsaitin xərclənməsi israfçılıqdan başqa bir şey deyil”.

C.Məmmədova görə, bu məsələnin 2 yolu var ki, birincisi insanların özlərinin təşəbbüs göstərərək bu addımı atması, ikincisi isə qanun şəklində prosesin həyata keçirilməsidir.

Millət vəkili hesab edir ki, ən doğrusu rayonlarda ictimaiyyətin nümayəndələrinin, ziyalıların bir araya gələrək belə bir qərarı qəbul etməsidir:

“Biz gec-tez yaslarımızda belə bir israfçılıqdan xilas olmalıyıq. Bu vəsaitin insanlara heç bir xeyri yoxdur. Həmin vəsaiti insanlar daha yaxşı işlərə - kiminsə təhsilinə, hansısa imkansız bir insana yardım edərək, yetim uşaqlara dəstək olaraq və s. kimi yönlərə yatırsa, bu əməllərdən daha çox savab qazanarlar”.

Elşad Miri: Belə mərasimlərdə yük ölü sahibinə düşür

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ilahiyyatçı alim Elşad Miri bildirib ki, İslamda bir insanın ölümündən sonra yas saxlamaq, 3-7, cümə axşamı vermək yoxdur. Bunlar sonradan ortaya çıxan məsələlərdir və yük ölü sahibinə düşür.

E.Mirinin sözlərinə görə, əgər bu cür prosesləri Türkiyədə olduğu kimi bələdiyyə və ya Qafqaz Müsəlmanları İdarəsi həyata keçirsə, özləri bəyan edərdilər ki, bunların İslama aidiyyatı yoxdur.

“Bu gün məscidlərdə ehsanları QMİ versə, o zaman məsələnin necə müsbət həll edildiyini hər birimiz şahid olarıq.

Prezidentin ehtiyat fondundan QMİ-yə 3 milyon manat məbləğində vəsait ayrılıb. Buna əlavə olaraq, hər il Həcc ziyarətlərindən külli miqdarda vəsait əldə edilir. Həmçinin, nəzirlər və s.-i bura əlavə edəndə ianə kimi böyük məbləğlərin olduğuna şahid oluruq. Bəlkə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələ qaldırıb yas məclislərini də bu qurumun təşkil etməsini təklif edə. O zaman görün, 3-dən başqa hansısa cümə axşamı, 7 və sair qalacaqmı?”,- deyə Elşad Miri qeyd edib.

Mina Mikayılova

Seçilən
5
35
bakivaxti.az

10Mənbələr