"Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm hüquqi praktik bazası və ənənəvi əsasları var".
Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunlar iki ölkə arasındakı münasibətlərin həm indi möhkəm, həm də perspektivdə daha da inkişaf etməyə meyilli olduğunu deməyə əsas verir:
"Azərbaycan və Türkiyə arasında bütün sahələrdə müttəfiqlik münasibətləri özünü göstərir. Hazırda tərəflər arasında iqtisadi, ticari, humanitar, mədəni və bütün sahələrdə sıx əməkdaşlıq var.
Üstəlik, beynəlxalq təşkilatlarda və ikitərəfli münasibətlərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin təsirlərini görürük. Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı burada xüsusi vurğulamaq lazımdır. Həmçinin, regional və beynəlxalq siyasi məsələlərdə də tərəflərin maraqlarının üst-üstə düşməsi olduqca mühümdür".
Ekspert qeyd edib ki, dünyanın bir sıra bölgələrindəki gərgin qlobal məsələlərdə Bakı ilə Ankaranın eyni mövqedən çıxış etməsi olduqca pozitiv bir məqamdır:
"Məsələn, Suriya, Ukrayna və Yaxın Şərqdəki problemlərin həll olunmasına baxışlarda Azərbaycan və Türkiyənin eyni mövqedən çıxış etməsi təqdirdəlayiq addımdır. Bundan başqa, hər iki ölkədə stabilliyin və sabitliyin olması da qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasını təmin edən vacib amillərdən biridir. Üstəlik, Şuşa Bəyannaməsi ilə əsası qoyulmuş müttəfiqlik münasibətləri bu gün də yüksələn xətlə davam edir".
Aydın Quliyev vurğulayıb ki, bu gün Azərbaycanla Türkiyənin fərqli münasibət göstərdiyi hansısa proses yoxdur:
"Xüsusilə də Türk Dövlətləri Təşkilatının hazırkı vəziyyəti və perspektiv inkişafında iki ölkənin yanaşması və maraqları tam şəkildə üst-üstə düşür. Yeni dünya nizamının formalaşdığı şəraitdə Türk Dövlətləri Təşkilatının yeni bir geosiyasi mərkəzə çevrilməsinə ümid və ehtimalları xeyli artırır. Azərbaycan və Türkiyənin dünyanın enerji təhlükəsizliyində oynadığı rol da üst-üstə düşür. Artıq Türkiyə-Azərbaycan əməkdaşlığının dünya üçün də əhəmiyyətli bir faktora çevrildiyini hər kəs qəbul edir".
Pərviz