Moldovanın baş naziri Dorin Recan tanınmamış Dnestryanıya kreditlə üç milyon kubmetr qaz verməyə hazır olduğunu açıqlayıb...
Poliqon NewsMaker nəşrinə istinadən xəbər verir ki, Avropa İttifaqı Dnestr çayının sol sahilini Avropa Komissiyası tərəfindən dəstəklənən qrant dəstəyi paketi ilə təmin edə bilər. Dnestryanı razılaşmasa, ya bu üç milyon kubmetr qazı qaytarmalı, ya da pulunu ödəməlidir.
"Bu gün qaz sistemində təzyiqi saxlamaq üçün Dnestr çayının sol sahilinə kredit ayrılmasını təsdiq edəcəyik. Bu, bizə yanvarın 31-dək möhlət verəcək", deyə baş nazir qeyd edib.
Ümumiyyətlə, Avropa İttifaqı dəstək paketi üç komponentdən ibarətdir. İkinci bənd "fövqəladə müdaxilə" adlanır və fevralın 1-dən 10-a qədər olan dövrü əhatə edir.
Sağ sahil üçün elektrik enerjisi istehsalı üçün qazın "anti-böhran qiymətləri" ilə alınması və sol sahildə istehlakın təmin edilməsi üçün 30 milyon avro qrant nəzərdə tutulur. Üçüncü məqam Moldovanın növbəti iki il üçün əhatəli enerji davamlılığı proqramıdır.
Məlum olduğu kimi, Rusiya "Moldovaqaz"ı borcda ittiham edərək Moldovaya və tanınmamış Dnestryanıya qaz nəqlini dayandırıb. Bu səbəbdən Dnestr çayının sol sahilində enerji təchizatı, qaz, istilik və isti su ilə bağlı ciddi problemlər yaranıb. Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin yardım təklif etdiyini, lakin heç bir cavab almadığını bildirib.
Poliqon.info