Kanadada polad istehsalçıları ABŞ Prezidenti Donald Trampın bu həftə sonu tətbiq edə biləcəyi idxal rüsumlarına hazırlaşırlar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti yazır.
İstehsalçılar maksimum mənfəət əldə etmək və potensial tariflərin təsirini yumşaltmaq üçün ABŞ-yə polad tədarükünü artırmağa qərar veriblər.
Qəzetin məlumatına görə, Kanadanın polad şirkətləri mümkün maliyyə itkilərini minimuma endirmək üçün yeni investisiyaların dayandırılması və məhsul çeşidinin dəyişdirilməsi imkanlarını da nəzərdən keçirirlər. Qəzet qeyd edir ki, Kanadanın polad sənayesi ABŞ-dən çox asılıdır, çünki məhsulların 99 %-i bu ölkəyə ixrac olunur.
Nəşr xatırladır ki, Tramp əvvəlki prezidentlik müddətində artıq Kanadaya qarşı tarif məhdudiyyətləri tətbiq edib. Bu da istehsalçılara böyük ziyan vurub. Belə ki, ABŞ liderinin 2018-ci ildə Kanada poladına 25 % rüsum tətbiq etməsi nəticəsində növbəti il ölkənin polad ixracının ümumi dəyəri təxminən on il ərzində ən aşağı səviyyəyə düşüb.