ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sənədləri 1963-cü ildə sui-qəsd nəticəsində öldürülən ABŞ-ın 35-ci prezidenti Con F. Kennedi ilə əlaqələndirilərək böyük bir sirri gün üzünə çıxarıb.
Qaynarinfo xəbər verir ki, "Northwoods əməliyyatı" kod adı ilə tanınan və dünya ictimaiyyətini dəhşətə salan planın təfərrüatları açıqlanıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra MKİ direktoru vəzifəsinə Con Ratkliffi təyin edib. Tramp "Hər şey ortaya çıxacaq" deyərək Con F. Kennedi, Robert F. Kennedi və Martin Lüter Kinqə aid gizli sənədlərin məxfiliyini aradan qaldırıb.
"Daily Mail" nəşrinin məlumatına görə, bu sənədlər arasında yer alan Pentaqon hesabatı, Kuba lideri Fidel Kastronu hədəf alan "Northwoods əməliyyatı" adlı gizli planı ortaya qoyub. Plana əsasən, Kastronun ABŞ-a hücum etdiyi görüntüsü yaradılacaq, bu da Kuba ilə hərbi qarşıdurma üçün əsas kimi istifadə ediləcəkdi.
1962-ci ildə ABŞ Baş Qərargah rəisləri tərəfindən imzalanmış 12 səhifəlik hesabatda Kastronu günahlandıracaq "saxta bayraq əməliyyatı"nın detalları yer alıb. Sənədə əsasən, ABŞ şəhərlərində, xüsusən Mayami və Vaşinqtonda terror aktları təşkil ediləcək və bu hadisələr Kubaya aid ediləcəkdi.
Hesabatda bu cür ifadələr yer alıb:
* "Mayami başda olmaqla, Florida ştatının şəhərlərində və Vaşinqtonda Kuba terroru təşkil edə bilərik".
* "Quantanamo körfəzində ABŞ gəmisinin partladılması və bunun Kastronun üzərinə atılması ilə milli qəzəb dalğası yaradaraq ölənlərin siyahısını mətbuatda yayımlamaq planlaşdırılırdı".
Plana görə, kubalı hərbiçiləri təqlid edən ABŞ qüvvələri, hərbi bazalarda təxribat aktları törədəcək, anbarları partladacaq və Kuba əleyhinə düşmənçiliyi artıracaqdı.
"ABŞ-ın Kubaya hərbi müdaxiləsinə əsas yaratmaq" məqsədilə hazırlanmış bu plan 1962-ci ildə müdafiə naziri Robert Maknamaraya təqdim olunub. Lakin ABŞ prezidenti Con F. Kennedi planı veto edərək onun həyata keçirilməsinə icazə verməyib.
Kennedinin bu qərarı, 1963-cü ildə sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqələndirilir. Komplo nəzəriyyələrinə görə, ABŞ-ın "dərin dövləti" "Northwoods əməliyyatını" rədd edən Kennedinin aradan götürülməsi üçün göstəriş verib. Hətta bu nəzəriyyələrdə ABŞ-dakı "dərin dövlət"in İsrail tərəfindən idarə edildiyi də iddia olunur.
Bu sənədlər, ABŞ-ın soyuq müharibə dövründə istifadə etdiyi üsulları və daxili siyasətinin qaranlıq tərəflərini gün işığına çıxararaq, həm akademik, həm də ictimai müzakirələrə yol açıb. Bu hadisələr Kennedinin ölümü ətrafındakı müəmmalı vəziyyəti daha da artırıb.