Baş nazir Nikol Paşinyanın ABŞ-yə məqsədyönlü səfəri Ermənistan üçün ciddi problemlər yarada bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.
“Rəsmi təbliğat maşını Paşinyanın fevralın əvvəlinə ABŞ-yə planlaşdırılan səfərini “yeni seçilmiş ABŞ prezidentinin Ermənistan hakimiyyətinə dəstəyi” kimi təlqin eləməyə çalışsa da, əslində, baş nazir Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinə qatılmaq üçün Vaşinqtona gedir.
Həmin sammit beşinci dəfədir keçirilir, amma heç bir ciddi ölkənin lideri qatılmır. Dini Azadlıq Alyansı 2019-cu ildə Trampın prezidentliyi dövründə Çinə qarşı qurulmuşdu. Deməli, bu iştirak heç nə verməsə də, bizim üçün yeni ciddi problemlər yarada bilər”, - erməni nəşri bildirir.
Xatırladaq ki, bundan əvvəl erməni mediası Çinin yeddi aya yaxındır İrəvanda səfirinin olmadığını yazıb.
İki ölkə arasındakı gərginlik üç amillə izah olunur:
Birincisi, Ermənistanın Pekinin nəqliyyat dəhlizləri ilə bağlı “Bir Kəmər, Bir Yol” layihəsinə maraq göstərməməsi;
İkincisi, Ermənistanın hələ də ABŞ-də Çinə qarşı qurulmuş Dini Azadlıq Alyansının üzvü olaraq qalması;
Üçüncüsü, Tayvanın iqtisadiyyat nazirininin İrəvanda yüksək formada qəbul edilməsi.