Müstəqil Azərbaycanın müstəqil televiziyaları – yolumuz hayanadır?
... Min illər boyu qüdrətli imperiyalar quran, təkcə şərqin deyil, dünyanın ən möhtəşəm dövlətçilik ənənələrini formalaşdıran Azərbaycan, 200 ilə yaxın əsarətdə yaşamaq zorunda qalsa da, nəhayət ötən əsrin sonlarında yenidən müstəqil dövlətini bərpa etdi. Yeni bərpa olunmuş dövlətimiz müstəqilliyin ilk illərində problemlər burulğanında çabalasa da, 1993-cü ilin payızından – Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə gəldikdən sonra qüdrətli liderin sayəsində bu problemlər burulğanından xilas olaraq sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər hələ 1993-cü ilin sentyabr ayında seçicilərlə görüşlərində demişdi: “AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞACAQ!”. Məhz Ulu Öndər tərəfindən zərgər dəqiqliyi ilə işlənib hazırlanmış müstəqil dövlətçilik siyasəti, həm Ümummilli Liderin, həm də bu siyasəti sədaqətlə, yeni dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirən Fateh Lider, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarəçiliyi ilə tərəddüdsüz demək olar ki, həqiqətən Azərbaycan dünyaya günəş kimi doğmuş, bu “günəş”in istisindən indi dünyanın dörd bir yanı işıqlanır, qızınır. Cəmi 34 illik qısa bir zamanda çox dövlətlərin yüz ildə qət edə bilmədiyi yolu uğurla keçən Müstəqil Azərbaycanla bu gün dünyanın müxtəlif guşələrində yaşayan 50 milyonluq Azərbaycan türkü haqlı olaraq qürur duyur. Fəqət bu ildırım sürətli inkişafımızla yanaşı cəmiyyətin elə sahələri var ki, hələ də buxov olaraq ümumi inkişafımızın sürət ahənginə xələl gətirməkdədirlər. Cəmiyyətin bütün sahələrində -- təhsildə, səhiyyədə, idmanda, hər bir vətəndaşın sosial durumunda böyük uğurlar əldə edilməsinə, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun tarixin heç bir dönəmində olmadığı qədər yüksəlməsinə, qısa bir müddətdə dünyanın ən nüfuzlu qurumlarına rəhbərlik etimadı qazanmasına, kiçik xalqların ümidgahına çevrilməsinə, dünyanın azsaylı kosmik ölkələri sırasında möhkəmlənməsinə rəğmən, hələ də teleradio və kino sahəsində 70-ci illər səviyyəsindən də aşağı enməsinə və ümidli bir gələcək vəd etməməsinə təəssüf etməmək olmur. Sanki bu xalq “Kitabı-Dədə Qorqud”u yaradan, böyük Nizami, Nəsimi, Füzuli kimi bəşəriyyəti heyran qoyan dühaların davamçıları deyil... Əminəm ki, son abzası oxuyan hər bir ziyalı dərhal mənimlə razılaşacaq. Çünki, görünən dağa bələdçi lazım deyil. Kinomuzun da, televiziyalarımızın da bu günkü durumu hər kəsə yaxşı məlumdur. Sadəcə məni heyrətləndirən bunu görüb də seyr edən, susaraq kiminsə və ya kimlərinsə xətrinə dəymək istəməyən ziyalılarımızın laqeydliyidir. Yaradıcılıq təxəyyülü yüksək olan, yuxarıda adlarını çəkdiyim qüdrətli qələm sahiblərini, Üzeyir Hacəbəyli kimi dünyanı heyran qoyan bəstəkarı, Səttar Bəhlulzadə kimi fırça ustasını və adlarını çəkmədiyimiz böyük söz və sənət xadimlərini yetirən bir xalqın indiki nəsli nədən bu qədər çılız, utancverici televiziya məkanına və səviyyəsiz film və seriallarla mənəviyyatımıza zərbə vuran sənət adamlarına möhtac qalıb? Doğrudanmı günümüzdə bu xalqın tarixi mədəni irsini dövrün tələblərinə uyğun davam etdirəcək simalar yetişmir? Yetişmirsə nədən? Və yetişirsə, varsa, onların özlərini təqdim etmələrinə kimlər və nədən mane olurlar? Axı hər bir xalqın televiziyası və istehsal etdiyi filmlər bu gün həmin xalqın dünyaya, beynəlxalq aləmə təqdimatıdır! Televiziya və kino mütəxəssisi olmasam da, bir ziyalı olaraq kənardan baxıb gördüklərim əsasında fikirlərimi cəmiyyətlə bölüşmək qərarına gəldim. İstərdim ki, ölkəmizin ziyalı kəsimi çağdaş dünyamızda millətlərin, xalqların tanıtım güzgüsü olan bu sahədə mövcud duruma münasibət bildirməyə tələssinlər. Əks-təqdirdə, laqeydlik indiki kimi davam edərsə, bu gün telekanallarımızın mənəviyyatımıza vurduğu yaraları sağaltmaq üçün millətimizə yüz illər lazım olacaq... Çox qəribədir, Azərbaycanda 20-yə yaxın televiziya kanalı var. Bunların 15-dən çoxu özəl kanallardır. Yəni müstəqildirlər. Bəs bu müstəqil televiziya kanalları Müstəqil Azərbaycanın indiki sürətli inkişafı ilə nədən ayaqlaşa bilmir?
*** Bu yerdə kiçik bir hadisəni oxucularla bölüşmək istərdim. Təxminən iki il bundan əvvəlin söhbətidir. Tanınmış televiziya əməkdaşlarından biri ilə məclisdə söhbət edirdim. İradlarımı deyirdim. O da sakitcə qulaq asırdı. Birdən başını yelləyib, dərindən bir köks ötürdü və üzünü mənə tutdu: - Oturmusunuz evdə, qabağınızda pürrəng çay, divanda yayılıb müftə-müsəlləm televiziyaya baxıb, istirahət edirsiniz, amma sağ ol əvəzinə, yıxıb-sürüyürsünüz bizi. Dedi və qalxıb getmək istədi. Ardınca çıxdım, foyedə nə qədər çalışsam da, məni eşitmək istəmədi və paltosunu geyib binanı tərk etdi. Həmin televiziya əməkdaşına demək istədiyimi oxucularla bölüşmək istəyirəm. Televiziyaların maliyyə mənbəyi, əsasən, reklamlardan formalaşır. Reklamları verənlər kimlərdir? İstehsalçılar, biznesmenlər, kommersantlar, ticarət, iaşə müəssisələri, dünyanın heç bir yerində olmayan, yalnız bizim telekanallarımızda sürətlə genişlənən həkimlər və sair. Azərbaycan Respublikasının qanunlarına görə reklama ayrılan vəsait vergilərdən azaddır və məhsulun, xidmətin maya dəyərinə əlavə edilir. Yəni istehlakçıların aldığı məhsulun, göstərilən xidmətin haqqı ölaraq ödədiyi məbləğdə reklamın da pulu var. Deməli, televiziya reklamlarının pulunu istehlakçılar, yəni sadə vətəndaşlar ödəyir. Həmin reklamdan əldə etdikləri gəlirlə də televiziyaların maliyyə ehtiyacları qarşılanır. Bu mənada, birbaşa olmasa da, dolayısı ilə verilişləri bizlər, sadə vətəndaşlar pulla satın alırıq. Marketdən aldığımız hər bir malın keyfiyyətli olmasinı tələb etdiyimiz kimi, vətəndaşların pulu ilə hazırlanan verilişlərin də keyfiyyətli olmasını tələb etməyə vətəndaşın haqqı var. Başqa sözlə, hər bir tamaşaçı verilişlərin istehlakçısıdır və bu verilişləri hazırlayarkən istehlakçıların hüququ nəzərə alınmalı, onlara keyfiyyətli məhsul təqdim edilməlidir. Yəni, həmin televiziya əməkdaşının vətəndaşlara “müftə-müsəlləm” xidmət etməsi barədə dedikləri absurddur. Reklamlardan söz açmışkən, bir mühüm məqama da toxunmaq istərdim. Azərbaycan respublikasının “Reklam Haqqında Qanun”una əsasən, televiziya kanalları hər saat ərzində iki dəqiqəsi sosial reklam olmaqla on iki dəqiqə reklam nümayiş etdirə bilərlər. Qüvvədə olan bu Qanunun bütün özəl televiziyalarda kobud şəkildə pozulmasına əlaqədar qurumların, xüsusilə Azərbaycan Respublikasının Audiovizual Şurasının müdaxilə etməməsi təəccüb doğurur. Az-çox baxımlı verilişlər, seriallar nümayiş etdirilərkən hər saatda 20-25, bəzən hətta 30-40 dəqiqə reklam verilirsə, bu, mövcud Qanuna hörmətsizlik deyilmi? Vaxtilə Milli Televiziya və Radio Şurasının çox yüksək vəzifəli nümayəndəsinə bu iradımı bildirəndə “televiziyaların maddi durumu yaxşı deyil, ona görə göz yumuruq” cavabını aldım. Əgər belədirsə, o zaman maddi vəziyyəti ağır olan, ehtiyacını ödəmək üçün oğurluq edən insanlar nədən həbs edilir? Əgər hər ehtiyacın ödənilməsi üçün Qanunu pozmaq olarsa, almaq imkanı olmadığına görə bir bağlama peçenye oğurlayan gənc oğlana niyə cinayət qaldırıb, həbs edirdilər? Məncə imkansızlıq qanunu pozmaq üçün əsas ola bilməz və MTRŞ-ni əvəz edən Audiovizual Şura, eləcə də digər əlaqəli qurumlar bu məsələdə Qanunun tələblərinin yerinə yetirilməsinə müdaxilə etməyə borcludurlar. Bir maliyyə mütəxəssisi ilə təxmini hesablamalarımıza əsasən, qanunda nəzərdə tutulduğu kimi, hər saatda 12 dəqiqə reklam verilərsə, bir telekanalın aylıq gəliri 3-3,5 milyon manat təşkil edir. İllik gəliri 30-35 milon olan telekanalın bu gəlirin bir hissəsini milli-mənəvi dəyərlərimizə, tariximizin təbliğinə həsr edilmiş verilişlər hazırlamaması, bunu maddi durumun çatışmazlığı kimi qələmə verməsi isə riyakarlıqdan başqa bir şey deyil. Televiziya əməkdaşlarının dediyinə görə, reklamçılar belə verilişlərə feklam verməkdən imtina edirlər. Halbuki, bu da absurd bəhanədən başqa bir şey deyil. Milli mənəvi dəyərlərimizin, tariximizin təbliğinə həsr edilən verilişlər, seriallar elə formatda hazırlana bilər ki, onun tamaşaçısı daha çox olar. Nümunə üçün qardaş Türkiyənin telekanallarında nümayiş etdirilən “Qurdlar vadisi”, “Möhtəşəm yüz il”, “Diriliş Ərtoğrul”, “Quruluş Osman” serialları, “Muge Nanlı ilə” sosial proqramı təkcə Türkiyədə deyil, dünyada reytinqləri qıran tamaşaçı kütləsi qazanıblar. Deməli, söhbət yaradıcılıq səviyyəsindən getməlidir, reklam verənlərin münasibətindən deyil. Verilişlərin keyfiyyətsiz, aşağı səviyyədə olmasının əsas səbəbi, fikrimcə, telekanallardakı inhisarçılıqdır. İnhisarçılıq elə ağır bəladır ki, burda özünə yer etmiş istedadsız adamlar istedadlı adamların qarşısını kəsir və onların özlərini, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələrinə imkan verilmir. Ona görə də hər televiziya kanalında bir-iki nəfər gün ərzində efirdən düşmür. Spase kanalında Amil Xəlil, ATV-də Zaur-Günaydın cütlüyü, ARB-də Xoşqədəm və Elgiz və s. Kimsə adlarını çəkdiyim bu aparıcıları istedadsız hesab etmir və təbii ki, az-çox baxımlı verilişləri də elə onlar araya-ərsəyə gətirirlər. Ancaq bir aparıcı bir istiqamətdə verilişlər üzrə tanınmalı, həmin istiqamətdə yeniliklər üzərində yaradıcılığa can atmalıdır. Həm sosial-dramatik yönümlü, həm də şou verilişlərini eyni aparıcı idarə edirsə, elə bu faktın özü həmin verilişlərin keyfiyyətinin itməsinin yarıbayarı səbəbidir. Elgizin ARB-də yayımlanan “Elgizlə üz-üzə” verilişi isə bilinmir sosial proqramdı, istedad axtrışı proqramıdır, həkimlərin reklamı proqramıdır, yoxsa şou proqramdır! Hər bir efir vaxtına aparıcı başda olmaqla böyük bir kollektiv hazırlıq aparır. Xüsusilə, aparıcı həmin verilişin əhval-ruhiyyəsinə köklənir. Bir gün sosial, sabahısı gün şou proqramı idarə edən aparıcınin tamamilə fərqli əhval-ruhiyyələrə köklənməsi fiziki və mənəvi olaraq mümkün deyil. Nəticədə hər iki verilişin keyfiyyəti azalır. Eyni fikri seriallarla da bağlı deməyə ehtiyac var. Həftə ərzində bir aktyor iki, bəzən üç serialda müxtəlif xarakterli obrazlarda çəkilir. Axı aktyor ifa etdiyi hər bir rolu yaşayır. Bu, teatr sənətində mümkündür. Çünki teatrda tamaşaçı ilə canlı ünsiyyətdə aktyor hər gün müxtəlif tipli obrazlar ifa edə bilər. Ancaq kinoda, serialda aktyor bir obraza köklənməli, onu yüksək ustalıqla yaratmağa çalışmalıdır. Seriallarımızın zəif olmasının və nəticədə türk, hind, özbək və s. seriallarının efirə gətirilməsinin başlıca səbəblərindən biri də bu faktdır ki, onun da əsasında yenə inhisarçılıq, yeni istedadların irəli çıxmasına maneçilik kimi qeyri-sağlam mühit səbəb olur. Hər kəs etraf edə bilər ki, 10-12 il bundan əvvəl ATV kanalında Xoşqədəm Hidayətqızının müəllifliyi və aparıcılığı ilə “Səni axtarıram” verilişi Azərbaycan televiziya məkanında hadisə kimi qəbul edildi. Çox böyük zəhmət bahasına bu veriliş qısa zamanda təkcə Azərbaycanda deyil, dünyanın dörd bir yanında maraqla izlənən bir verilişə çevrildi. Və birdən ATV bu verilişi bağlamaq qərarına (?) gəldi. Xoşqədəm xanım müəllifi olduğu proqramı ANS-ə, ordan “Xəzər”ə, ordan da ARB-yə daşımalı oldu. Həftədə bir dəfə efirə çıxan veriliş indi həftədə beş gün efirdədir. Amma hər kəs razılaşar ki, indiki “Səni axtarıram”la həftəlik “Səni axtarıram” tamamilə fərqli reytinqə malik oldu. Bütün ölkəni və ölkədən kənarda yaşayan milyonları özünə cəlb etməyi bacaran bu veriliş, indiki səviyyəsi ilə nüfuzunu da, reytinqini də itirməkdədir. Yarı sağlamlıq, yarı istintaq, yarı axtarış, yarı evlənmə-boşanma kimi cəmiyyətin ən ciddi problemlərini bir verilişə yığıb həftəbecər yaratmaqla Xoşqədəm Hidayətqızı nə qədər nüfuz itkisinin olmasına nədən razılaşır görəsən? Verilişə dəvət edilən “ekspertlər”in hansı səviyyədə olduğunu hər kəs görür axı! Bir psixoloq-ekspert verilişə dəvət edilən problemli insanları aşağılayırsa, onları təhqir etməkdən belə çəkinmirsə və verilişdə onu Xoşqədəm xanım uzman-psixoloq kimi təqdim edirsə, bunu necə başa düşək? Ümumiyyətlə, bu gün “Səni axtarıram” verilişi daha çox reklam-kommersiya proqramı təsiri bağışlayır, kim istəyirsə buyurub 5-10 manatını ödəyib özünü reklam edə bilər. Bir gün mollaları, mürdəşirləri də bu verilişdə təbliğ edilirkən görsək, təəccüblənmərik. Təsəvvür edisinizmi, “ölüsü düşənlər, gecikməyin, ölünüzü molla Məmmədquluya etibar edin, onu yumağı mürdəşir Vəliquluya” deyə xalqa tövsiyə verir Xoşqədəm xanım! Ən qəribəsi odur ki, reklamları da aparıcı özü təqdim edir. Dünyada elə bir televiziya görən olubmu ki, verilişin aparıcısı vaxtın yarıdan çoxunu reklama, həkimlərin və ya digər peşə sahiblərinin təbliğatına həsr eləsin? Bu halda həmin verilişin hansı keyfiyyətindən söhbət açmağa dəyər? Beş gün, el arasında deyildiyi kimi “ağlamalı” verilişi idarə edib, şənbə-bazar isə şou proqramını idarə edən aparıcının cəmiyyətdə nüfuzu da elə dəyişik(?)olur. Eyni sözləri ATV-nin “Bizimləsən”, “Zaur-Günaydın” verilişlərinin aparıcıları olan Zaur-Günay cütlüyü, qismən “Xəzər”TV-nin “Təsir dairəsi” proqramının aparıcısı Lalə Azərtaş “Spasse” kanalının aparıcısı Amil Xəlil haqqında da demək olar. Yeri gəlmişkən, 2014-cü ildə rəhbərlik elədiyim Qeyri-Hökumət Təşkilatı Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə televiziya aparıcılarının Azərbaycan dilinin tələffüz qaydalarına əməl etmələri ilə bağlı layihə həyata keçirirdi. Akademik Afat Qurbanovun, Xalq Artistləri Natəvan Hacıyevanın, Ofelya Sənaninin, Eldost Bayramın, professor Sevinc Əliyevanın təmsil olunduğu münsiflər heyətinin yekdil qərarı ilə Lalə Azərtaş “Ən yaxşı teleaparıcı” nominasiyasının qalibi elan olundu və ödüllə təltif edildi. Bu faktı ona görə qeyd elədim ki, Azərbaycanın ən nüfuzlu və təcrübəli mütəxəssislərinin Ana dilinin tələblərinə yüksək səviyyədə, qüsursuz əməl edən ən yaxşı aparıcı elan etdiyi müstəsna istedadlı bir aparıcı bu gün televiziyada sosial proqram adı altında kommersiya verilişinin aparıcısıdır. “Xəzər”TV-nin rəhbərliyi belə müqtədir aparıcılara qiymət vermədən, məhz ona belə ucuz proqramları aparmağı həvalə edirsə, bu, həmin TV rəhbərliyinin kadrlara necə səhlənkar yanaşdığını göstərir. Təəssüf ki, əksər telekanallarda da buna bənzər faktlar var və bu yerdə televiziyalarımızın indiki durumunun əsas səbəbkarlarının məhz rəhbərliyin naşılığı olduğunu deyə bilərik. Atalar boşuna balığın başdan iyləndiyini deməmişlər...Telekanal rəhbərləri hər bir verilişə aparıcı seçərkən ciddi tələblər ortaya qoymalıdırlar. Fizionomiyası, nitqi. geniş dünyagörüşü, etik davranış qabiliyyəti, efirdə yerişi, duruşu, mimika və jestləri nəzərə alınmalıdır. “Tolik” kimi, Elgiz kimi adamlara canlı verilişlərin etibar edilməsi, sadəcə, cəmiyyətə hörmətsizlikdir (bu siyahını atırmaq da olar, sadəcə, pislər arasında ən pis olan iki aparıcı ilə kifayətləndim- T.N.). Yaxşı yadımdadır, illər öncə Rusiyanın, səhv etmirəmsə NTV kanalı yeni açılacaq verilişə aparıcılar seçilməsi üçün müsabiqə elan etmişdi. Müsabiqəyə üç mindən çox gənc müraciət etmişdi. Aylarla həmin müraciət edən gənclərin qabiliyyətləri yoxlanıldı və sonda iki nəfər – bir oğlan və bir qız həmin verilişin aparıcısı kimi qəbul edildi. Bizdə isə “yaxşı oğlan”, “gözəl xanım” kimi adlandırıb, özlərinin maraqları(?) ilə aparıcı seçirlər ki, bu da verilişlərin keyfiyyətsiz olmasının ən başlıca səbəblərindəndir. Bütün bunlarla yanaşı demək olmaz ki, telekanallarımızda yüksək səviyyəli, keyfiyyətli verilişlər yoxdur. Bir əlin barmaqları sayından çox olmayan bu verilişlər barədə yazmağa ehtiyac görmürəm.Necə deyərlər, yaxşı onsuz da yaxşıdı, pisdən danışaq ki, bəlkə özlərinə az da olsa çəki-düzən verələr. Kinomuz və teleseriallarımız haqqında geniş nəsə yazmağa və deməyə lüzum görmürəm. Axı faktiki olmayan bir sahə haqqında nə danışmaq olar? Bu gün Azərbaycanda kino sənəti, demək olsr ki, sıfırlanıb. Beş-altı aktyorun bir yerə toplaşıb sənətdən şox uzaq olan lağlağılarını kim kino sənətinin bir hissəsi kimi görürsə, qoy o danışsın. Bir filmdə 300-350 dəfə yersiz əcnəbi (əsasən də rus-T.N.) sözlərindən istifadə olunursa, onu çəkənlərin də, orda çəkilənlərin də səviyyəsi haqqında başqa nəsə deməyə hacət yoxdu. Vaxtilə ssenari müəllifi olduğu bir fiilmdə “köpəkoğlu” əvəzinə “svolış” kəlməsi getdiyinə görə Moskvanın və Bakının kino studiyaları ilə aylarla mübarizə aparan, sonda lentin həmin yerini yenidən çəkdirib birləşdirməyə nail olan Mirzə İbrahimovdam müstəqil ölkənin “kinoçıxaranları” örnək götürsələr pis olmaz. Dilimizin saflığından danışmışkən, son illər telekanallarda bu sahədə xeyli inkişaf olduğunu qeyd etməliyik. Lakin bu imkişaf yalnız teleaparıcıların nitqində müşahidə olunur. Seriallarda, “komedixana”, “Buğlama”, “Külləmə” və s. bu tipli verilişlərdə isə bunu demək mümkün deyil. Əslində bu faktın özü telekanal rəhbərlərinin, dövlətin Ana dilinə həssas münasibətinə səhlənkar yanaşmasından, ölkə başçısının dilimizin saflığı ilə bağlı imzaladığı sərəncamlardan, Dövlət Proqramından xəbərsiz olmasından irəli gəlir. Hər bir telekanalın imkanı var ki, bir dilçi-mütəxəssislə müqavilə bağlasın, verilişlərdə dilimizin orfoepik və orfoqrafik qaydalarının pozulması hallarını qeydə alıb telekanal rəhbərliyinə müntəzəm arayışlar təqdim eləsin. Axı dilimiz bizim mənəvi pasportumuz, milli varlığımızın inikasıdır! Dilinə xor baxan istənilən şəxs nəinki ziyalı deyil, bu millətin övladı olması belə şübhə doğurur. Ən mühüm təbliğat vasitəsi olan televiziyalarımızda bu mühüm məqam diqqətdən kənarda qalırsa, buna milli mənəviyyatsızlıqdan başqa ad vermək olmaz. Bütün qeyd etdiklərimə yekun vuraraq, Azərbaycanın televiziya kanallarının rəhbərlərini telekanallardakı inhisarçılıqlara son qoymağa, səviyyəli, yüksək keyfiyyətli verilişlər hazırlayıb ortaya çıxarmağa qadir istedadlı insanlara şərait yaratmağa, ziyalı vətəndaşlarımızı televiziya kanallarında və kino sahəsində indiki mövcud duruma laqeyd qalmamağa çağırıram. Çünki televiziya və kino hər bir xalqın tanıtım güzgüsü, milli dəyərlərinin başlıca təqdimat formasıdır. Belə mühüm sahəyə seyrçi münasibət yolverilməz hesab edilməli, ziyalılıq baxımından anormal hal kimi qəbul edilməli və gələcəyimiz naminə, kimin və ya kimlərinsə xətrinə dəyib-dəyməməsini arxa plana keçirməli, gecikmədən münasibətini bildirməyə can atmalıdır. Təhmasib Novruzov, Azadlıq Hərəkatçıları İctimai Birliyiinin sədri, yazıçı-publisist Redaksiyadan: Yazıdakı fikirlər müəllifin mövqeyidir və redaksiya məsuliyyət daşımır. Yazıda qeyd edlən tənqidi fikirlərlə bağlı hər kəsin mövqeyini dərc etməyə hazırıq.