AZ

“Yaşın nə fərqi var ki...”- Yaxud 24 yaşlı oğlan 50 yaşlı qadınla evlənə bilərmi?

Lalə Azərtaşın aparıcısı olduğu "Təsir Dairəsi" verilişinə gələn qadın 24 oğlunun 50 yaşlı qadın ilə evlənməsindən danışıb. 

O, övladının nikahına qarşı olduğunu bildirib. Oğlu isə studiyaya gələrək, qadını sevdiyini, ondan ayrılmayacağını deyib və bunun üçün hətta anasından imtina da edib. Oğlan bir dəfə evli olub ayrıldığını, anasının ilk xanımı ilə də yola getmədiyini və ayrılıqlarına səbəb olduğunu qeyd edib. Sözügedən hadisə sosial şəbəkələrdə müzakirə və tənqid olunub. 

Müzakirə əsasən kişinin özündən xeyli yaşlı qadınla evlənməsi olub. Bəzi sosial şəbəkə istifadəçiləri isə eyni münasibətin özündən xeyli kiçik qadınlarla evlənən kişilərə göstərilmədiyinə etiraz edib.

“Cebheinfo.az”a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, iki şəxsin ailə qurması və ya münasibət yaratması tərəflərin istəyidir. Psixoloq qeyd edib ki, başqaları şəxsi həyatda tərəf ola bilməzlər: 

“İnsanların şəxsi həyatlarının müzakirə mövzusu olmasının tərəfdarı deyiləm. Bu etik deyil. İctimai müzakirə edilən zaman insanları şəxsi həyatlarındakı seçimə görə qınamaq olmaz. İstənilən fikir qərəz formalaşdırır. Şəxsi həyat anlayışında iki şəxs tərəf olmalıdır. Münasibətlərdə hansısa sui-istifadə və ya cinayət yoxdursa, bununla bağlı mövqe ifadə etməyin məntiqi də yoxdur. 

Konservativ cəmiyyətlərin formalaşdırdığı düşüncədə kişinin fiziki yaşı qadından böyük olur. Tarixi mərhələlər bu düşüncənin doğruluğunu formalaşdırıb.

Rəqəmsal və informasiya dövründə hansısa doğruluq öz əhəmiyyətini itirir. 

İnsanlar həyata baxış bucaqlarını mühitə uyğunlaşdırmaq istəmirlər”. 

O bildirib ki, evlilikdə uyğunsuzluq daha çox fiziki yox, psixoloji yaş fərqi böyük olduqda ortaya çıxır: 

“Zamanla formalaşmış düşüncənin yaratdığı inanclar insanları xoşbəxt etmir. 

İnsanlar xoşbəxtlik axtarır və xoşbəxtliyi hiss etdikləri insanlarla birlikdə axtarmaq istəyirlər. Ailə qurulan zaman tərəflərin psixoloji uyğunluğu vacibdir. Fiziki yaş evlilikdə uğurlu hesab edilsə də, uyğunluq müşahidə olunmaya bilər. Evlilikdə tərəflər arasında fiziki yox, psixoloji yaş fərqi böyükdürsə, ailə risk qrupuna aid edilir. Evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi aparılsa, cütlüklər uzunmüddətli və sağlam münasibətlər quracaqar”. 

Seçilən
3
cebheinfo.az

1Mənbələr