“Ukraynada hərbi qulluqçuların rotasiya və geri çağırılmaq hüququ var, lakin hazırda tərxis olunmaq mümkün deyil. Bunun üçün Rusiyanı müharibəni dayandırmağa məcbur etmək lazımdır”.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində deyib.
“Hərbi vəziyyət insanların və bütün resursların səfərbər edilməsini tələb edir. Və bu, təəssüf ki, bu müharibənin çağırışıdır. Bu gün biz özümüzü müdafiə edirik. Əgər sabah ordunun yarısı sadəcə olaraq evə gedirsə, o zaman biz birinci gün təslim olmalıydıq, əgər belə olsaydı, sabah yarısı evə gedəcək, Putin bizi – hamını öldürəcək”, – deyə Ukrayna Prezidenti bildirib.
Dekabrda Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk demobilizasiya haqqında qanun layihəsinin demək olar ki, hazır olduğunu açıqlamışdı. Lakin ehtiyatlar cəbhədəki hərbçiləri əvəz etməyə hazır olana qədər bunu həyata keçirmək mümkün deyil.
Rusiyanın genişmiqyaslı işğalının başlamasından sonra Prezident Zelenski Ukraynada hərbi vəziyyət elan edib və dəfələrlə uzadılmış ümumi səfərbərlik haqqında fərman verib.
Cəbhədə hərbi qulluqçuların sayını artırmaq üçün ötən il Ali Rada yeni səfərbərlik qaydalarını təsdiq edib. Qanunvericilik ukraynalı kişilər üçün hərbi xidmətə çağırış yaşını 27-dən 25-ə endirdi, möhlət hüququnu azaltdı və hərbi xidmətdən yayınanlar üçün cərimələr tətbiq etdi. Bu səylərə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri sayca Rusiya ordusundan xeyli geri qalır.
Qərb müttəfiqləri Kiyevi hərbi xidmətə çağırış yaşını aşağı salmağa çağırıb. Lakin Ukraynada bu fikrin əleyhinədirlər. Xüsusilə, Zelenski bu yaxınlarda bildirib ki, səfərbərlik yaşının aşağı salınması yalnız cəbhədə silahsız insanların sayının artmasına gətirib çıxaracaq. Ukrayna gənc əsgərlərlə təchizat və təlim çatışmazlığını kompensasiya etməməlidir. Zelenskinin sözlərinə görə, prioritet Ukraynada çağırış yaşının azaldılması deyil, raketlərin tədarükü və Rusiyanın hərbi potensialının azaldılması olmalıdır.
Zelenski sosial şəbəkədə yazıb: “Məqsəd silahları anbarlarda saxlamaq deyil, mümkün qədər çox insanın həyatını xilas etmək olmalıdır”.
“AzPolitika”