OPEC alyansının bir neçə əsas naziri "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) fevralın 3-də keçiriləcək iclasından əvvəl Ər-Riyadda görüşüb.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə “S&P Global Commodity Insights” məlumat yayıb.
Nəşrə təqdim edilən fotolarda yanvarın 27-də keçirilən görüşdə OPEC-in əsas ölkələrinin - Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və İraqın neft nazirləri yer alıb.
“S&P”nin müsahiblərindən biri təfərrüatlara varmadan danışıqların sadəcə "dostluq müzakirələri" olduğunu qeyd edib. Digər həmsöhbət isə nazirlərin hasilat planlarını və bazardakı vəziyyəti müzakirə etdiklərini bildirib.
Nəşr xatırladır ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp Ukraynada böhranın tez bir zamanda başa çatması üçün OPEC-in neft qiymətlərini aşağı salmalı olduğunu bəyan edib. "Bütün bunları tez dayandırmağın bir yolu var: OPEC alyansı bu qədər pul almağı dayandırmalı və neft qiymətlərini aşağı salmalıdır", - o bildirib. Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı və OPEC-ə müraciət edərək neft qiymətlərinin aşağı salınmasını xahiş edəcək.