Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17969,6 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 200,6 milyon manat və ya 1,1 faiz çoxdur.
Bu barədə Day.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 26,6 faizi və ya 4780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408,0 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12781,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49,0 faizi və 2341,0 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1774,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatı "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə mənfəət vergisi təşkil edir.