AZ

Ermənistan dondan-dona GİRİR: “Belə ikiüzlü siyasət İrəvan üçün həmişə keçərli olub”

“Ermənistanın indiki hakimiyyəti Rusiya əleyhinə kifayət qədər ciddi ittihamlar səsləndirir və bu ittihamların Rusiyada əks-səda doğurduğu açıq şəkildə görünür. Çünki İrəvanda Rusiya hökumətinə qarşı tam bir etimadsızlıq mühiti yaranıb, lakin eyni blokda təmsil olunduqlarına görə bu məsələni açıq şəkildə dilə gətirmirlər. Ümumilikdə, Ermənistanın hazırkı davranışları ikiüzlü siyasət kimi dəyərləndirilməlidir”.

Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

Siyasətçi Ermənistan Milli Məclisin sədri Alen Simonyanın Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Ermənistanın “Joğovurd” nəşri bildirib ki, Alen Simonyan yanvarın 23-də Şimal-Avropa və Baltikyanı ölkələrin əməkdaşlıq formatı olan Nordic-Baltic Eight (NB8) çərçivəsində parlament rəhbərləri və sədr müavinlərindən ibarət nümayəndə heyətini qəbul edib və burada o, Rusiya əleyhinə Ukrayna prezidenti Volodimir Zelenskidən də daha ağır ifadələr işlədib. Sonradan Ermənistan parlamentinin mətbuat xidməti bunu təkzib edib.

F. Mustafaya görə, bir tərəfdən ABŞ-nin yanında onun mövqeyini müdafiə edir, Rusiya əleyhinə çıxışlar səsləndirir, digər tərəfdən isə Qərbdən uzaqlaşan kimi Rusiya ilə münasibətləri qaydaya salmağa çalışırlar:

“Lakin bu siyasət nəticə vermir. Çox vaxt Ermənistan mövqeyini Belarus vasitəsilə çatdırır. Belarus prezidentinin bir neçə dəfə Rusiya ilə birlikdə Ermənistanı hədəf alan ittihamları da bu mövqenin göstəricisidir. Belə ikiüzlü siyasət İrəvan üçün həmişə keçərli olub. Paşinyan və Simonyanın Rusiya əleyhinə mövqeləri aydın olduğu halda, bunu inkar etmələri mənasızdır. Əgər bunu dövlətlərinin maraqları baxımından məqbul hesab edirlərsə, bizim buna xüsusi fikir bildirməyimiz də düzgün deyil”.

“Rusiyanın Ermənistanla münasibətləri pərdəarxasında necə qiymətləndirdiyini tam olaraq bilmirik. Amma mövcud vəziyyət Azərbaycanın maraqlarına uyğundur, çünki Ermənistanın hər hansı ölkə ilə yaxın münasibəti bizim üçün problemlər yarada bilər. Əsas məsələ odur ki, Ermənistan bu ikiüzlü davranışları ilə heç kimdə etibar qazana bilmir. Bu isə Azərbaycanın üstünlüyünü daha da möhkəmləndirir. Ermənistanın etibarsız ölkə olması, Azərbaycanın isə həm dost, həm də düşmən tərəfindən daha etibarlı ölkə kimi qəbul edilməsi ünsiyyət baxımından əhəmiyyətli bir fərq yaradır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
17
50
yenicag.az

10Mənbələr