“Putin və Tramp arasında birbaşa danışıqlar, bəlkə də müharibə üzərində müəyyən dəyişikliklərə səbəb ola bilər”.
Yenicag.az xəbər verir ki, bunu Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ-Rusiya münasibətlərinin mümkün istiqamətləri barədə təhlil aparan siyasi analitik Danila Qalperoviç yazıb.
Məqalədə ilk yarımbaşlıq ABŞ və Rusiya arasında sülh danışıqları ilə bağlıdır.
Trampın təklifləri və iqtisadi rıçaqların rolu
Donald Tramp, Vladimir Putini Ukraynada müharibəyə son qoymaq məqsədilə danışıqlara çağırdı və sövdələşmənin vacibliyini diqqətə çatdırdı. Eyni zamanda, iqtisadi təzyiqin artırılacağına dair təhdidlər irəli sürdü. Əlavə olaraq Tramp, “Truth Social” platformasında yazdığı məqalədə Rusiya ilə heç bir razılaşma əldə edilmədiyi təqdirdə, yüksək vergi və sanksiyalar tətbiq etməkdən başqa yolunun qalmayacağını bildirdi. Bir sözlə, Rusiyanı sülhə məcbur etmək və ya ən azından danışıqlara aparmaq üçün iqtisadi təzyiqin gücünün müzakirə olunduğu dövr başlayıb.
ABŞ sanksiyalarının təsiri
Çikaqo Harris Universitetinin professoru Con Dyui Konstantin Sonin sözlərinə görə, ABŞ-nin iqtisadi rıçaqları mövcudur, ancaq bəzən istənilən nəticəni almaq olmur. Rusiyanın ABŞ ilə ticarəti illik 36 milyard dollar civarındadır. Bu da Rusiya üzərində tətbiq edilən sanksiyaların təsirini minimuma endirir. İkinci dərəcəli sanksiyalar tətbiq edərək, Rusiya ilə ticarət edən digər ölkələrə də təzyiq göstərilməlidir. Söhbət Çin, Hindistan və digər ölkələrdən gedir.
İkinci dərəcəli sanksiyalar və Trampın strategiyası
Rusiya ilə əlaqəli ölkələrə qarşı tətbiq edilə biləcək ikinci dərəcəli sanksiyalar məsələsi də diqqət mərkəzindədir. MEMRI analitik mərkəzinin mütəxəssisi Vladislav İnozemtsev Trampın bu yolla Rusiya ilə əlaqə saxlayan ölkələri cəzalandıra biləcəyini qeyd edib. Məsələn, Hindistanın Rusiya neftini alması halında, ABŞ həmin ölkəyə yüksək tariflər tətbiq edə bilər. Bu cür tədbirlər, Hindistan və digər ölkələr üçün ciddi iqtisadi nəticələr doğura bilər. Nəticədə isə Rusiya ilə ticarəti dayandırmağa məcbur olacaqlar. Bu, Rusiya üçün iqtisadi cəhətdən çətin vəziyyət vəd edir.
Trampın sülhə təsiri: Silah tədarükü və diplomatik variantlar
İqtisadi təzyiqlərlə Putini sülhə məcbur etmək çətin məsələdir. Ukraynaya daha güclü silahların tədarükü, Rusiyaya qarşı birbaşa təsir vasitəsi ola bilər. Trampın bunu necə həyata keçirəcəyi məlum deyil. Lakin belə variant mümkün ehtimaldır. Eyni zamanda, Putinin radikal və gözlənilməz davranış tərzini nəzərə alaraq, Trampın sülh danışıqları təklifi müsbət nəticə ehtimalını yüksəldir. Putin və Tramp arasında birbaşa danışıqlar, bəlkə də, müharibə üzərində müəyyən dəyişikliklərə səbəb ola bilər.
Nəsimi Ələsgərli