AZ

Azərbaycanda ürək xəstəlikləri niyə artıb?

Kardioloq bildirib ki, gənclərdə və uşaqlarda ürək problemlərinin artması bir çox hallarda irsi faktorlardan qaynaqlanır.

Ürək damar xəstəlikləri bu gün dünyada və Azərbaycanda əsas problemə çevrilib. Son illər bu xəstəliklərin artan tendensiyası həm yerli, həm də qlobal səviyyədə narahatlıq doğurur.

Son zamanlar dünyada ürək xəstəlikləri artmaqdadır.

Məsələ ilə bağlı Operativ Media-ya danışan tibb üzrə fəlsəfə doktoru, kardioloq Ülvi Mirzoyev bu halların artmasının bir sıra səbəblərinin olduğunu qeyd edib:

"Ürək-damar xəstəliklərinin, o cümlədən infarkt hallarının artmasının bir neçə əsas səbəbi var. İlk olaraq insanların son illərdəki yaşam tərzi bu xəstəliyin artmasına səbəb olub. Son illərdə qeyri-sağlam qidalanma, hərəkətsizlik, artıq çəki və siqaret istifadəsi kimi faktorlar daha geniş yayılıb. Bu faktorlar ürək-damar xəstəliklərinin riskini artırır. Bundan sonra müasir həyat tərzi ilə əlaqədar olaraq insanların üzləşdiyi stress və psixoloji gərginliklər də ürək-damar xəstəliklərinin artmasında mühüm rol oynayır.

COVID-19 pandemiyası da həm birbaşa, həm də dolayı yollarla ürək-damar sağlamlığına təsir edib. İnfeksiyanın özü, uzun müddətli simptomlar (long COVID) və pandemiya dövründə tibbi xidmətə gecikmələr ürək-damar xəstəliklərinin artmasına səbəb olub.

Həkim ürək xəstəliklərinin gənclər arasında artmasının səbəblərinə aydınlıq gətirib:

“Gənclərdə və uşaqlarda ürək problemlərinin artması bir çox hallarda irsi faktorlardan qaynaqlanır. Müəyyən genetik xəstəliklər erkən yaşda ürək problemlərinə səbəb ola bilər. Amma onu da qeyd etmək lazımdır ki, tibbin inkişafı sayəsində daha çox insanın ürək xəstəlikləri vaxtında aşkarlanır və qeydə alınır. Bu da statistik rəqəmlərdə artış təsiri yarada bilər.

Bu artışı dayandırmaq və insanların sağlamlığını qorumaq üçün maarifləndirmə işlərinin gücləndirilməsi, erkən diaqnostika və müalicə imkanlarının genişləndirilməsi çox önəmlidir. Eyni zamanda, sağlam yaşam tərzi haqqında maarifləndirici layihələr həyata keçirilməli və profilaktik tədbirlər artırılmalıdır".

Seçilən
3
operativmedia.az

1Mənbələr