AZ

Yanvarın 27-də Avropa İttifaqı Şurası Avropa İttifaqı və Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin dayandırılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, gürcü diplomatlar və vəzifəli şəxslər Avropa İttifaqına səfər edərkən viza almaq üçün müraciət edəcəklər.

Bu barədə çərşənbə axşamı Avropa İttifaqı Şurasının mətbuat katibi Yohans Kleys bildirib.

Bu qərar ötən il Gürcüstanın "Xarici təsirin şəffaflığı haqqında" qanunun və "ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunvericilik paketinin qəbul edilməsinə reaksiyadır.

Avropa İttifaqı hesab edir ki, bu qanunlar gürcü xalqının əsas hüquqlarını, o cümlədən birləşmə və ifadə azadlığını, şəxsi həyatın toxunulmazlığı hüququnu, dövlət işlərində iştirak hüququnu pozur və stiqmatizasiya və ayrı-seçkiliyi gücləndirir.

Gürcüstanın həyata keçirdiyi tədbirlər əsas prinsipləri (yardım haqqında saziş bunun əsasında bağlanıb) pozur və Avropa İttifaqı və onun üzv dövlətlərinin maraqlarına ziddir.

Təklif  eyni zamanda 28 noyabr 2024-cü ildə hökumətin Avropa İttifaqı  ilə danışıqların 2028-ci ilə qədər dayandırılacağını elan etməsindən sonra başlayan dinc etirazların iştirakçılarına, siyasətçilərə və müstəqil KİV-ə qarşı Gürcüstan hakimiyyətinin amansız repressiyalarına cavabdır.

Viza rejiminin sadələşdirilməsi haqqında saziş aşağıdakı kateqoriyalar üzrə dayandırılacaq:

• Avropa İttifaqı ölkəsi ərazisində hökumətlərarası təşkilatlar tərəfindən keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstan rəsmi nümayəndə heyətlərinin üzvləri;

• Gürcüstan milli və regional hökumətləri və parlamentlərinin, Gürcüstan Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin üzvləri;

• Diplomatik pasport sahibləri;

Adi pasport sahibi olan Gürcüstan vətəndaşlarının Avropa İttifaqına qısamüddətli səfərləri zamanı vizadan azad edilməsi davam edəcək.

Avropa İttifaqı və Gürcüstan arasında vizaların verilməsinin sadələşdirilməsi haqqında saziş 1 mart 2011-ci ildə qüvvəyə minib. Bu, Gürcüstan vətəndaşlarına Avropa İttifaqında istənilən 180 günlük müddətdə 90 gündən çox qalmamaq şərtilə viza verilməsinin sadələşdirilməsinə yönəldilib.

Sazişdə tərəflərin "ictimai asayiş, milli təhlükəsizliyin qorunması və ya ictimai sağlamlığın qorunması səbəbilə bu sazişi tamamilə və ya qismən dayandırmasına" imkan verən  bənd var.

1 mart 2017-ci ildə Şura və Avropa parlamenti Gürcüstan vətəndaşlarının Avropa İttifaqına səfəri zamanı viza tələbindən tamamilə azad edilməsi barədə qərar qəbul etmişdi.

Seçilən
1
turan.az

1Mənbələr