1921-ci il iyul ayının 18-də, gecə saat 23:00 radələrində “Perepalas” hotelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşiri qətlə yetirib. Behbud xan ağır yaralı halda xəstəxanaya çatdırılsa da, 35 dəqiqə sonra vəfat edib. Cavanşirin qardaşı Cəmşid xan və polis məmuru Əli əfəndi qatil Torlakyanı tuta biliblər. Həmin dövrdə İstanbul İngiltərənin işğalı altında olduğu üçün 1921-ci il avqustun 18-də general Harrinqtonun əmri ilə qatil hərbi məhkəmədə mühakimə olunub. Məhkəmədə təkcə Behbud xanın öldürülməsi məsələsi və qatil Torlakyanın mühakiməsi deyil, həm də 1918-ci il Bakı hadisələri təftiş edilib.
İngilis işğalındakı İstanbulda baş tutan məhkəmədə türklərin qələbə qazanması mümkünsüz idi. Əhməd bəy Ağaoğlunun həyat yoldaşı Sitarə xanımın xahişi ilə tanınmış vəkil Haydar Rifat bəy Cavanşirlər ailəsinin mənafeyini müdafiə edib. Məhkəmədə Behbud xanın parlamentdəki həmkarlarından Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə və azərbaycanlı tələbə Səməndər bəy şahidlik ediblər. 1922-ci il yanvarın 4-də məhkəmə hökmü elan edilib: Misak Torlakyan cinayəti affekt halında törətməsi iddiası ilə azad olunur. Nəticədə, qatil ABŞ-yə qaçırılıb və uzun illər orada yaşayıb. Behbud xan ölümündən üç gün sonra, 20 iyul 1921-ci ildə İstanbulda, Beşiktaşdakı Yəhya Əfəndi dərgahında dəfn edilib.
Behbud xanın qətli ilə bağlı məhkəmə prosesinin stenoqramı “İleri” qəzetinin mühərrirlərindən Əhməd Cəmaləddinin sayəsində günümüzə çatıb. 1921-ci ildə onun “Zamanımızın en büyük ve merakaver muhakemesi. Torlakyan davası” adlı kitabı nəşr olunub. Eləcə də Sürəyya Ağaoğlu, Səməd Ağaoğlu, Əbdüləli bəy Əmircan kimi şəxslər xatirələrində bu barədə məlumatlar veriblər. Türkiyə arxivlərində bu qətllə bağlı xeyli sənəd də mövcuddur.
Behbud xanın qətli türk müəlliflərin də diqqətini çəkib, bu məhkəmə haqqında fikirlərini bölüşüblər. Onlardan biri də İsmayıl Həbib Sevükdür.
İsmayıl Həbib bəy 24 sentyabr 1921-ci ildə “Açıq söz” qəzetində “Bir erməni mühakiməsi” adlı məqalə qələmə alıb. O, məqaləsinin girişində hadisə və məhkəmə haqqında məlumat verdikdən sonra vəziyyəti düzgün şəkildə izah edib: “Torlakyan mühakiməsi adi və ya siyasi bir qətl məsələsindən çıxaraq daha ilk mühakimələrdə dərhal bir erməni və türk davası şəklini aldı”.
Ardınca Sevük maraqlı bir mənzərəni göstərib. Belə ki, mühakimənin ilk dövründə ingilis hakim ermənilərin iddialarını puç edib, türklərin tərəfində iştirak edib. Amma nəticədə Britaniya işğal komandanlığı onu vəzifəsindən çıxararaq ölkəsinə geri göndərib. Ona görə də bu saatdan sonra Torlakyanın məhkum edilib-edilməməsinin bir əhəmiyyəti qalmadığını deyən İsmayıl Həbib bəy eyni silsilə ilə öldürülən Tələt paşanın məsələsinə diqqəti çəkib. O, beş il müttəfiqləri olduğu almanların Tələt paşanın qatilini azadlığa buraxdıqlarını, ingilislərin də eyni addımı ata biləcəklərini qeyd edib.
Sevük ermənilərin Tələt paşanın qatilini qəhrəman olaraq təqdim etdiklərini, bütün Anadolu və İslam aləminin isə paşanı şəhid saydıqlarını bildirib. Onun fikrincə, bu hadisədən sonra başqa bir erməni də “qəhrəman” olmaq istəyib Cavanşiri öldürüb, sonra da bir başqası bu yolda addımlayacaq. Sevük haqlı olaraq ermənilərə müraciət edib: “Millətinin intiqamını almaq istəyirsən? Elə isə Hnçak rəislərinə, Daşnak komitəçilərinə get… Hamınız ticarət və rifahda, əmniyyət və səadətdə idiniz”. İsmayıl Həbib daşnakların təhriki ilə ermənilərin özlərinin bu səadətdən vaz keçdiklərini, əllərində süngü ilə rus ordusunun önündə, bomba ilə arxa cəbhədə türklərə qarşı hüvuma keçdiklərini ifadə edib: “Siz bizdən ancaq öz istiqlalınızı deyil, bizim ölümümüzü də istədiniz. Bakıdan İskəndəruna qədər böyük bir Ermənistan doğsaydı, o böyük beşik bizə geniş bir məzar olacaqdı. Atəşkəsdən sonra özünüz iftixarla elan etdiniz ki, iki yüz min Türkiyə ermənisi Türkiyə ordusunu məhv etmək üçün silahla hərb etmiş… Sizi bombalı evlərinizdən alaraq zərəriniz toxunmayacaq yerlərə və təhlükə təşkil edə bilməyəcəyiniz diyarlara göndərdik… Böyük Ermənistan bizim üçün doğulmadan ölən bir xəyal, sizin üçün yaxınlaşdıqca uzaqlaşan bir sərab oldu”.
Behbud xan Cavanşirin qətli dünya paytaxtlarının birində baş verdiyi üçün geniş kütləyə məlum olub. Bu qətldən öncə isə Tiflisdə Fətəli xan Xoyski və Həsən bəy Ağayev eyni şəkildə qətlə yetirilmişdi. Ermənilər bu cinayətlərini ötən əsrin sonlarına qədər davam etdirdilər. Nəticədə Sevükün də dediyi kimi bu yolla əldə etməyə çalışdıqları “böyük Ermənistan” sərabdan – illüziyadan başqa bir şey deyildir.
Qeyd edək ki, Behbud xan 1917-ci ildə Bakıda yaradılan Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilib. Həmin ilin payızında Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə iştirak edib, Zaqafqaziya Seymində təmsil olunub. Azərbaycan Milli Şurası 1918-ci il iyunun 17-də Azərbaycan Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiqləyib. Behbud xan Cavanşir bu kabinədə daxiliyyə naziri olub. Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Gəncə valiliyinin doqquz qəzasında milli kadrların üstünlük təşkil etdiyi müstəqil, ilk milli polis orqanlarının təsis olunması barədə qərar verib. Bu, Behbud xanın fəaliyyətinin nəticəsi idi. 1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklərdən sonra bitərəf Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirib. Cavanşir 1918-ci il dekabrın 21-dək daxili işlər naziri vəzifəsində qalıb. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamenti təsdiq olunanda Behbud xan orada təmsil olunub. Müsavat Firqəsindən istefa verdiyi üçün bitərəf kimi fəaliyyətini davam etdirib. Bolşevik Rusiyasının Azərbaycan Cümhuriyyətini işğalından sonra 1920-ci ilin may ayında həbs olunan Behbud xan tezliklə peşəkar mütəxəssisə ehtiyac duyan bolşeviklər tərəfindən azad edilib. “Azneft” şirkətində işə başlayan Cavanşir Zaqafqaziya xarici ticarət müvəkkili vəzifəsinə təyin olunub. 1921-ci ilin yayında o, Bakının neft-mədən sənayesi üçün yeni avadanlıq və texnologiya almaq məqsədilə ezamiyyətə göndərilib. Xanımı Tamara Cavanşir, qardaşı Surxay xan və Cəmşid xanla birlikdə İstanbula gedən Behbud xan qohumları Əhməd bəy Ağaoğlunun Şahzadəbaşı məhəlləsindəki evinə yerləşib. Qısa zaman sonra Ağaoğlu ailəsinin etirazlarına baxmayaraq, İstanbulun “Perepalas” hotelinə köçüblər...