Son vaxtlar Avropa İttifaqı nümayəndələri tez-tez Azərbaycan-Ermənistan sərhədinə gəlib binoklla müşahidələr aparırlar. Sonuncu dəfə onlar yanvarın 25-də Ermənistanın Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyindən binokl vasitəsilə Azərbaycan ərazisinə baxış keçirib, həmçinin sərhədlərimiz istiqamətində foto və videoçəkiliş aparılıblar.
Maraqlıdır, Aİ nümayəndələrinin sərhəddə fəallaşmasının səbəbi nədir?
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqı Missiyasının sərhəddə yerləşməsinə qarşıdır:
“Son zamanlar bu məsələ diqqət mərkəzindədir. Azərbaycan onların sərhəddə yerləşməsinin əleyhinədir. Hətta məsələ qoyulmuşdu ki, onlar oradan çıxarılmalıdır. Aİ nümayəndələrinin "binokl diplomatiyası", tez-tez gəlib nümayişkaranə şəkildə binokllarla Azərbaycan ərazisinə baxması, digər tərəfdən bəzi şəxslərin gəlib onlara qatılması şübhəlidir. Biz bilmirik, onlar kimlərdir, nəçidirlər. Erməni tərəfindən missiya maşınları ilə gəlir, müşahidə edib gedirlər. Ancaq onlar mandatlı adamlardırmı? O maşınlarda kim olursa-olsun, gəlib Azərbaycan sərhədinə binoklla baxıb çıxıb gedə bilərmi? Yəni burada suallar çoxdur. Və bu heç də müsbət istiqamətdə atılmış addımlar deyil".
Ekspertin fikrincə, Aİ missiyasının fəaliyyəti Ermənistanın sərhəd boyunca mövqelərinin gücləndirilməsində rol oynayır:
“Biz Avropa missiyasının binokldan nə qədər çox baxmasını görürüksə, son zamanlar Ermənistanın sərhəddə fortifikasiya qurğuları tikməsini də o qədər çox görürük. Mənə elə gəlir ki, bu da müəyyən şəkildə bir-birinə bağlı olan məsələlərdir. Çünki onlar sərhədlə bağlı müəyyən məsləhətləşmələrdə iştirak edirlər. Ona görə də “binokl diplomatiyası heç də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına xidmət etmir.Ümumiyyətlə, mən deyərdim ki, bəlkə də Aİ missiyasının orada yerləşməsinin nəticəsidir ki, Ermənistan Azərbaycanla delimitasiya və demarkasiya proseslərini, demək olar ki, söz üzərində saxlayır, praktiki bir nəticə yoxdur. Bir zamanlar Qazax rayonunun 4 kəndi ilə bağlı sərhəd məsələlərində çox yaxşı işlər aparıldı, proses sürətlə getdi və nəticə ilə yekunlaşdı. Düzdür, sonra daxildə müəyyən siyasi proseslər gərginləşdi, ancaq ondan sonra bu məsələ ilə bağlı demək olar ki, praktiki nəticə verən heç bir addım atılmadı. Gah dedilər görüşüblər, gah dedilər, hansısa nizamnaməni qəbul edirlər, gah da dedilər, yenə görüşüblər. Ancaq bu görüşlərin nəticələrini görmürük. Mənə elə gəlir ki, burada Aİ missiyasının da özünəməxsus rolu var".
Ş.Ramaldanovun sözlərinə görə, Aİ missiyası Azərbaycan-Ermənistan delimitasiya və demarkasiya prosesinin gecikməsində birbaşa maraqlıdır:
“Çünki delimitasiya və demarkasiya prosesinin sürətlənməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını da sürətləndirər. Buna görə də bu məsələlər bir-biri ilə bağlıdır. Bu məsələlərdə Aİ missiyası öz çirkin əməllərini həyata keçirmək üçün Azərbaycan və Ermənistan münasibətlərinin müsbət dinamika ilə inkişaf etməsinə əsas maneələrdən biri kimi çıxış edir”.
Lalə Novruz, BakuPost