İran mollaları ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün zaman-zaman Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir, regionda yaranan hər hansı gərginliyin, problemin Arazın bu tayından qaynaqlandığını iddia edirlər. Teokratik rejimin təmsilçiləri hətta Azərbaycan və Türkiyə Prezidentlərini hədəfə almaqdan çəkinmirlər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə də toxunmuşdu. Dövlət başçısı vurğulamışdı ki, İranın Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycan dövlətinə, xalqına və prezidentinə qarşı təhqiramiz ifadələr işlədib. Dövlət başçısı bunu qəbuledilməz hal kimi qiymətləndirib və bəyan edib ki, əyalət mollası cəzalandırılmalı, vəzifəsindən qovulmalı və Azərbaycandan üzr istəməlidir.
Təəssüf ki, rəsmi Tehran baş verənlərdən həmin vaxt düzgün nəticə çıxarmayıb. Əksinə, hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar kampaniya başladılıb. Ona görə də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Marian yanvarın 25-də Xarici İşlər Nazirliyinə çağırılıb, ona rəsmi qaydada etiraz bildirilib.
Bu gün isə məlumat yayılıb ki, İranın Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedini vəzifəsindən azad edilib. Onun könüllü istefa verdiyi qeyd olunsa da, faktiki olaraq, Azərbaycanın tələbi qarşısında İran öz mollasını cəzalandırıb. Eyni aqibət Ərdəbilin imamcüməsi Ayətullah Seyid Həsən Amulini də gözləyirmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İran-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişaf etməsi üçün ölkəmizi hədəfə alan teokratik rejim təmsilçilərinin xalqımızdan üzr istəməsi mütləqdir.
Onun sözlərinə görə, Qəzvin şəhərinin imamcüməsinin vəzifəsindən qovulması hələlik bu istiqamətdə atılan ilk addımdır: “Azərbaycan-İran münasibətlərinin normallaşması, perspektiv əməkdaşlığın daha da genişlənməsi üçün rəsmi Tehranın Əbdül Kərim Abedini, Ayətullah Seyid Həsən Amuli kimi təmsilçiləri ölkəmizdən üzr istəməlidir. Bu, Azərbaycanın irəli sürdüyü şərtdir. Hesab edirəm ki, Əbdül Kərim Abedinin vəzifəsindən guya öz istəyi ilə istefa verməsi məsələsi bu şərtdən irəli gələn tənbehin təmin olunmasıdır. Ayətullah Seyid Həsən Amulinin istefası, Azərbaycan xalqından üzr istəməsi də tələb olunan şərtdir. Lakin Amulinin tutduğu vəzifədən istefa verməsi ilə Tehran hakimiyyəti razılaşmaya da bilər. Qeyd edə bilər ki, Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedinin istefa verməsi kifayət edir. Çünki bu məsələdə Tehran hakimiyyəti ölkə daxilində öz nüfuzunu və yürütdüyü siyasi-ideoloji xəttin vacibliyini də nəzərə alır. Ona görə də hesab edirəm ki, Həsən Amulinin istefası tezliklə mümkün olmayacaq”.
Lamiyə MİRZƏYEVA