"Bu, aktual mövzuya çevrildi, çünki Çin, əslində, kanalı ələ keçirmək istəyir. Biz isə buna imkan verməyəcəyik," - deyə Tramp 27 yanvar tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının fraksiyası qarşısında çıxış edərkən vurğulayıb. Bu illik toplantı bu dəfə Mayami yaxınlığında Trampın golf klubunda baş tutub.
"Biz onu Çinə verməyəcəyik. Kanalı vaxtilə Panamaya verdik. Amma onlar lazımi şəkildə davranmır," - deyə ABŞ lideri qeyd edib.
Tramp daha əvvəl Vaşinqtonun Panama Kanalı üzərində nəzarəti yenidən bərpa etməli olduğunu vurğulamışdı. O, kanalın keçidi üçün tətbiq olunan yüksək tarifləri tənqid edərək, kanalın nəzarətinin 1999-cu ildə Panamaya verilməsinin "əməkdaşlıq jesti" olduğunu, lakin digər ölkələrə güzəşt kimi nəzərdə tutulmadığını qeyd edib.
Panama Prezidenti Xose Raul Mulino isə ölkəsinin müstəqilliyinin və kanal üzərindəki suverenliyinin müzakirə mövzusu ola bilməyəcəyini bildirib. "Politico" qəzetinin 10 yanvarda yaydığı məlumatda qeyd olunur ki, əgər Tramp Panamaya təzyiqləri dayandırmasa, ölkə lideri bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağı planlaşdırır.