Rusiyanın “Rubin” (Kazan) klubunun özbək dayaq yarımmüdafiəçisi Umarali Rahmonaliyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan təmsilçisi 21 yaşlı oyunçunu 2025-ci ilin 31 dekabrına kimi icarəyə götürüb.
Paytaxt klubunun bu keçidi tezliklə rəsmən açıqlaması gözlənilir.
Xatırladaq ki, Umarali Rahmonaliyev Özbəkistanın “Bunyodkor” klubunun yetirməsidir. O, “Rubin”ə 2023-cü ilin yanvar ayında azad agent kimi keçib. Gənc futbolçu Rusiya klubunun heyətində meydana çıxdığı 27 oyunda 2 məhsuldar ötürmə müəllifi olub. Rahmonaliyevin “Bunyodkor” karyerası isə 31 oyun, 8 qol və 1 assistdən ibarətdir.
Umarali Özbəkistanın U-19, U-20, U-23 və Olimpiya yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Sabah” daha öncə Qazaxıstanın “Tobol” klubunun qapıçısı Stas Pokatilovu da heyətinə qatmışdı. “Bayquşlar”ın kapitanı Elvin Camalov isə paytaxtın digər klubu “Neftçi”yə keçib.