Roma Papası: “İsrail uşaqları qəsdən öldürür”
İsrailli nazir: “Papa qan davası güdür”
Donald Trampın prezident seçilməsi dünya siyasətinin bütün istiqamətlərində çox ciddi dəyişikliklər və sarsıntılarla müşaiyət olunmaqdadır. Belə görünür ki, ən əhamiyyətli sarsıntılardan biri dinlərarası münasibətlərin kəskinləşməsi olacaq. Üfüqdə qulaqlarımızın heç alışmadığı xristian-yəhudi qarşıdurmasının konturları sezilir. İlk baxışdan cəfəngiyyat kimi görünən bu iddianı quru faktların dili ilə əsaslandırmağa çalışaq.
Hər şey katolik xristianlığın mərkəzi olan Vatikanın İsrailə yönəlik sensasiyalı ittihamları ilə başladı. Papa Fransisk haqlı olaraq İsrail dövlətini fələstinlilərə qarşı qətliamda suçladı və yə yəhudi ordusunu fələstinli azyaşlı uşaqları bilərəkdən öldürməkdə ittiham etdi.
Belə ki, Qəzza savaşının başlandığı ilk günlərdə bəzi yəhudi din rəhbərləri fələstinli uşaqların öldürülməsinin vacibliyini irəli sürmüşdülər. İzahı da belə idi: ˝O uşaqlar bizə düşmən olaraq böyüyəcək və düşmən olaraq üzərimizə gələcəklər˝.
Əsl faşist düşüncəsinin daşıyıcısı olan İsrailin diaspora və antisemitizmə qarşı mübarizə naziri Amixay Şiklinin Papa Fransisk belə cavab verdi: ˝İkinci dünya müharibəsi zamanı yəhudilər soyqırıma məruz qalanda katolik Papa səssiz qalmışdı. Bu gün İsraili qətliamda və uşaqları qəsdən öldürməkdə ittiham etmək, katolik kilsəsinin yəhudilərə qarşı sürdürdüyü qan davasının nəticəsidir˝.Qeyd edək ki, katolik xristianlığı ilə yəhudilər arasında İsa Məsihin çarmıxa çəkilməsi ilə bağlı dərin tarixi anlaşılmazlıq var. İsrailli nazir Papaya cavabında ˝İsa Məsih fələstin azadlıq ordusunun dəstəkçisi deyil, o, bir yəhudidir˝ ifadələrinə də yer verib.
Təəccüblü deyil ki, İsrail qətllərinə ən sərt reaksiya verənlər sırasına İtaliya, İspaniya, Portuqaliya, Latın Amerikası dövlətləri və İrlandiya kimi katolik ölkələri daxildir.
Xristian və yəhudi toplumları arasında çəkişmələr bəzən qapalı, bəzən də açıq şəkildə həmişə olub və xristian ölkələrində antisemitizm hərəkatları dalğalanıb. Həm çar Rusiyasında, həm də Avropanın fərqli ölkələrində yəhudi qırğınları zaman-zaman baş verib. ABŞ-də isə iyirminci əsrin ortalarına qədər restoranların və digər ictimai obyektlərin girişində ˝itlərə, yəhudilərə və zəncilərə giriş qadağandır˝ elanları asılırdı. Bu vəziyyət Hitler Almaniyasının törətdiyi ən böyük yəhudi qətliamından, Xolokostdan sonra dəyişdi.
Yəhudilər İsrail dövlətini qurdular, soyqırım qurbanı olan millət statusunu qazandılar və xristian-yəhudi qarşıdurması arxa plana keçirildi.
Amma Qəzza müharibəsi hər şeyi alt-üst etdi. Soyqırım qurbanı olan millətin qurduğu dövlətin özü kütləvi qətllər törədir. Belə vəziyyət yəhudilərin ikinci dünya müharibəsindən sonra əldə etdikləri bütün qazancları sıfırlayır. İtkilər yalnız İsrail dövləti deyil, bütün dünya yəhudilərini öz mənfi təsiri altına alır. Şimali Qafqazda, çeşidli Avropa ölkələrində və hətta ABŞ-də antisemitizm əhvalı yenidən yüksəlir. İş o yerə çatıb ki, müxtəlif ölkələrə tətilə gedən İsrail əsgərləri həbs olunur.
İsrail Müdafiə Nazirliyi ordudakı daimi və yedək əsgərlərdən tələb edir ki, əsgər olduqlarını sosial media hesablarından paylaşmasınlar. Digər tərəfdən, iki il öncə heç kim ağlına belə gətirə bilməzdi ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri haqda həbs qərarı verə biər. Heç şübhəsiz, böyük geopolitik çarpışmalarda ədalət yox, maraqlar var...
İsrailin kütləvi qətllərinin yaratdığı mənəvi sarsıntılar qüdrətli yəhudi lobbisindən də yan keçmir. Bu məsələni əyani şəkildə nəzərdən keçirmək üçün milyarder İlon Mask nümunəsinə baxaq: Qəzza müharibəsinin ilk aylarında Mask fələstinlilərin tərəfini saxladı və yəhudi lobbisinin çox şiddətli təzyiqlərinə məruz qaldı. Həmin dövrdə yəhudi lobbisi Maskı İsrailə səfər etməyə və sözlərini geri götürməyə məcbur etdi.
Bu günlərdə isə Mask ABŞ-nin Prezident tribunasından çox emosional tərzdə faşist salamı verdi. Bu jestdən sonra böyük yəhudi lobbisinin var gücü ilə İ.Maskın üzərinə gedəcəyi qaçılmaz görünürdü. Amma gözlənilənlərin əksinə olaraq, yəhudi lobbisi geri addım atdı və ˝Maskın hansısa qeyri-müəyyən hərəkəti narahatlıq doğurmur˝ bəyanatı verildi.
Netanyahu da oxşar bəyanat verərək məsələni qapatmağa çalışdı. Yəhudiliyin mənəvi cəhətdən güclü olduğu dövrdə Mask ˝sındırıldı˝ və sözünü geri götürmək məcburiyyətində qaldı. Yəhudiliyin mənəvi cəhətdən zəiflədiyi indiki zamanda isə Mask sanki qisas alırmış kimi jest etdi və bu dəfə yəhudi lobbisi geri addım atdı.
İsrailin lüzumsuz kütləvi qətlləri Roma Papasına yəhudi dövlətinin üzərinə getmək imkanı yaratdı. Üstəlik, Avropada və ABŞ-də ultra sağ irqçilik meylləri sürətlə yayılmaqdadır. Belə meyllərin nə dərəcədə dərinə getdiyini anlamaq üçün başqa parlaq nümunəyə baxaq: ABŞ-nin təsdiq olunmuş müdafiə naziri Pit Heqestin bədənində qatı irqçi şüarı tatusu var. Yeni nazir bu şüarı gizlətmir, əksinə, nümayişkaranə şəkildə paylaşır. Onu da yaddan çıxarmayaq ki, Avropadakı ultrasağ irqçi hərəkatın əsas hədəflərindən biri hər zaman yəhudilər olub...
Yaranan mənzərə belədir. Uzun əsrlər boyu davam edən və çox sayda yəhudi qırğınları ilə müşaiyət olunan xristian-yəhudi qarşıdurması İkinci Dünya Müharibəsindən sonra arxa plana keçmişdi. Ustəlik, 2011-i ildə Roma Papası Benedikt yəhudilərin üzərindən İsa Məsihi çarmıxa çəkmə ittihamını qaldırdı. Lakin bu gün baş verənlər onu göstərir ki, dinlərarası teokratik çəkişmələrin aradan qaldırılması mümkünsüzdür. Ən təhlükəlisi isə odur ki, Roma Papasının İsrailə yönəlik ittihamını bir siqnal kimi dəyərləndirənlərin sayı yetərincə çoxdur.
Baş verənlər bütün əndazələri aşmaqdadır. İlon Mask hərarətli faşist salamı verir, ABŞ-nin Müdafiə naziri yəhudilər və müsəlmanlar əleyhinə olan irqçi şüar paylaşır, Trampın andiçmə mərasiminə isə Avropanın ultra sağ irqçi liderləri dəvət olunur. Bu tendensiyalar davamlı olacaqsa, yəhudiləri o qədər də xoş olmayan zamanlar gözləyir. Lakin, yəhudilərin, ən çətin illərdə belə, rahatca yaşadşqları bir Türk Dünyası var. Heç zaman nə Osmanlıda, nə Azərbaycanda, nə də digər türk dövlətlərində antisemitizm meylləri olmayıb. Yəqin, çoxları bilmir, hətta məşhur Albert Eynşteyn də faşist Almaniyasından qurtulduqdan sonra ABŞ-yə köçənə qədər, Türkiyəyə sığınıb və İstanbul universitetində çalışıb.
R.T.Ərdoğanın israillilərə xitabən “Ağababalarınız bu regiondan çəkilib gedəndə, sizi yenə türklər qoruyacaq˝ deyimi getdikcə reallığa daha çox yaxınlaşır.