Qazax, 28 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Ötən əsrdə Qərbi Azərbaycanın dörd bir yanında olduğu kimi, Göyçə mahalının Çəmbərək rayonundakı Toxluca kəndində də bu torpaqların əsl sahibi olan azərbaycanlılar dəfələrlə etnik təmizləməyə məruz qalıblar. Neçə-neçə nəsillər ayrı-ayrı zaman kəsiyində eyni taleni, eyni ağrı-acını yaşamağa məhkum ediliblər. Yurd həsrəti ilə dünyadan köçənlər də çoxdur, ürəyi Qərbi Azərbaycanla döyünüb, ona qovuşacağı günü səbirsizliklə gözləyənlər də. 1957-ci ildə Göyçə gölündən 5 kilometr şimalda yerləşən Toxlucada dünyaya göz açan Süleyman Bayramov da doğma kəndinin həsrətini çəkir.
AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olan Qərbi azərbaycanlı tarixi həqiqətlərə söykənən ədalətin qalib gələcəyinə əmindir. Onun sözlərinə görə, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında – Qərbi Azərbaycanda yaşaması, zəngin maddi-mənəvi irs yaratması faktını danmağa çalışsa da, bu, mümkün deyil.
“1988-ci ilin dekabrında baş verən deportasiyaya qədər Çəmbərəkdə rayon mərkəzindən sonra ən böyük yaşayış məntəqəsi olan kəndimizdə 3200-ə yaxın azərbaycanlı yaşayıb. Toxluca Ocaq, Kirkitli və Çal dağları ilə əhatə olunub. Kəndin bünövrəsinin VII əsrdə qoyulduğu ehtimal olunur. Kəndin adı 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib”, - deyən Süleyman Bayramov bildirir ki, Toxluca toponiminin Azərbaycan dilində “dağlıq yer” anlamında olan “dağlıqca” sözünün fonetik forması əsasında əmələ gəlməsi fikri var. Kənddə zamanında Anağızoğlu, Dərəyurd, Düzyurd, Taxça, Əyricə, Dərəkom, Ayıdərəsi, Quzey, Xırmanlı, Kərəmbiçən, Qurdlubulaq, Biçənək adlı qışlaqlar olub. Toxlucadakı yer adları da bu torpaqların tarixən öz əzəli sahiblərinə, yəni azərbaycanlılara məxsusluğundan xəbər verir.
“Türk mənşəli toponimlərdən başqa, kəndimizin qədimliyinə dəlalət edən faktlardan biri də ərazisindəki oğuz qəbirləridir. Kənd sakini Cəfər Əli oğlu 1936-cı ildə kəndin yuxarısında, Çal dağının ətəyində ev tikəndə özüldən çıxan qəbir daşları, boyu uzun insan skeletlərinin qalıqları kəndin qədimliyinin və oğuz türklərinə mənsubluğunun sübutu olub. Ərazidə alban abidələrinin qalıqları da vardı. Qəbiristanlığımızda da köhnə qəbirlər olub”, - deyə o bildirir.
Süleyman Bayramovun sözlərinə görə, təbiəti gözəl olan Toxlucanın əhalisi mehriban və zəhmətkeş olub. İnsanlar milli bayramları qeyd edib, adət-ənənələri yaşadıblar, elmə, biliyə, mədəniyyətə hörmətlə yanaşıblar. “Kəndimizdə qardaşım İbrahim Bayramov, Həsən Bayramoğlu, Hüseyn Əhmədov kimi çox sayda ziyalılar doğulub, boya-başa çatıb. Rayon mərkəzindəki 18 nömrəli Yol-Tikinti İdarəsinin, Başkənd xalça fabrikinin filiallarının fəaliyyət göstərdiyi Toxlucada böyük orta məktəb binası, mədəniyyət evi, ATS, tibb məntəqəsi, aptek də vardı. Əhali əkinçiliklə, heyvandarlıqla, arıçılıqla da məşğul olub”.
Qərbi azərbaycanlı xoşagəlməz xatirələrin yaddaşına silinməz izlərlə yazıldığını deyir. Babasından eşitdiyi dəhşətli hadisələrin sonradan özü də şahidinə çevrilib: “1919-cu ildə ermənilər kəndimizə hücum ediblər. Toxluca igidləri düşmən hücumlarına sinə gəriblər. Buna baxmayaraq, arası kəsilməyən hücumlar nəticəsində əhali, o cümlədən babam İdris Kalvaqasımov doğma yurdu tərk etməli olub. Kəlbəcərə üz tutan babamgil 1921-də geri qayıdıblar. Babam deyərdi ki, hələ İrəvanda ermənilərin sayı çox az idi, onlara da yağış yağanda “Çölə çıxmayın, yer çirklənər” deyərdilər”.
Müsahibimiz ermənilərin azərbaycanlılara qarşı kinini hələ lap uşaq yaşlarından hiss edib. “Balaca idim, Artur adlı ermənidən eşitmişdim ki, Suriyadan gələn atasının azərbaycanlıları görməyə gözü yoxdur. Bizə türk deyirdilər, məhsul satmamağa çalışırdılar. Erməni həkimlərin etdiyi əməliyyatlar nəticəsində Sənəm adlı qadın ölmüşdü, sovxozumuzun müdirinin qızı isə şikəst oldu. Bütün bunlar qəsdən edilirdi. Diş həkimləri keyidici dərmanlardan istifadə etmirdilər. Hərbi xidmətdən qayıtdıqdan sonra mənə, eləcə də digər gənclərimizə iş vermirdilər”, - deyən müsahibim bildirir ki, ermənilərin kəndə gələrək qədim yerlərin şəkillərini çəkməsinin, bulaqlara, abidələrə zərər verməsinin, mənəvi və maddi dəyəri böyük köhnə xalçaları, mis qabları dəyər-dəyməzinə almasının əsl səbəbini sonradan anlayıb.
Ermənilər öz niyyətlərini 1988-ci ilin sonralarında açıq şəkildə büruzə verməyə başlayıblar. Rayon mərkəzinə aparan nəqliyyat vasitələri fəaliyyətini dayandırıb, mağazada ərzaq satılmayıb, kəndin ziyalılarına öz yurdlarını tərk etmələri barədə xəbərdarlıq edilib, hədə-qorxu gəliblər. “Qardaşım Toxluca kənd orta məktəbinin direktoru, kənd sovetinin deputatı idi. Ona və digər ziyalılara kənd əhalisinin təhlükəsizliyinə təminat verilmədiyi bildirilmişdi. Kişilər gecə-gündüz evlərə keşik çəkirdilər, lakin sonda əhali mal-mülkünü də qoyub, kəndi tərk etməli oldu. İnsanlar pərişan halda Qazaxa, Tovuza, Bakıya üz tutdular. 80 yaşlı babam yenidən deportasiyaya məruz qaldı”, - deyə Süleyman Bayramov qeyd edir.
Müsahibimiz onu da bildirir ki, Qərbi Azərbaycana qayıdış onun və soydaşlarının bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququdur. Hər bir Qərbi azərbaycanlı tarixi torpaqlamıza, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəkləyir və öz dədə-baba yurduna ləyaqətli, təhlükəsiz şəkildə qayıdışın reallaşacağına əmindir.