Azərbaycana balıq istehlakının təqribən 80 %-i idxaldan asılıdır, odur ki, yerli istehsalı stimullaşdırmaq lazımdır.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib.
Onun fikrincə, yerli balıq istehalçılarına dəstək tədbirlərindən biri təzə soyudulmuş balığın idxalına 15 %-lik gömrük rüsumunun tətbiq edilməsi ola bilər: "Hazırda ölkəmizə İrandan balıq gətirilir. Onların istehsalı bizimlə müqayisədə ucuz başa gəlir. Son nəticədə bizim istehsalçılar iranlı iş adamları ilə rəqabət apara bilmirlər. Çünki İranda balıq istehsalı tam yerli istehsal hesabına həyata keçirilir, onların balıq yemi müəssisələri fəaliyyət göstərir. Bu isə istehsalın maya dəyərini aşağı salır. Azərbaycanda isə yem istehsal edən cəmi bir müəssisə var. Biz yemi idxal edirik. Dünya bazarında da yem bahalaşır. Bu isə bizim istehsal xərclərimizi artırır”.
Bundan başqa, Assosiasiya sədri deyib ki, balıq istehsalçıları gəlir vergisindən azad edilməlidir: "Artıq bu sahə kənd təsərrüfatı sahəsi hesab edilir. Aqrar sahə vergilərdən azaddır, ümid edirik ki, bizim sahə də vergilərdən tam azad olacaq. Bu qanunun bizim sahəyə tətbiqinin artıq vaxtı çatıb”.