AZ

İndi hamı başını götürüb bu komandadan qaçır…

I Liqada mübarizə aparan «İmişli»də vəziyyət kökündən dəyişib.

11 turdan sonra 21 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alan komandadan bir-birinin ardınca ayrılıq xəbərlər gəlməkdədir.

Yalnız futbolçular düşərgəni tərk etmir, onlarla bərabər məşqçilər də getməyə başlayıb.

Fərid Namazovun qapıçılar üzrə köməkçisi Əyyub Əliyev yanvarın əvvəlində əyalət təmsilçisi ilə vidalaşmışdısa, indi də fiziki hazırlığa məsul Zeynalabidin Hüseynov müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.

Belə baxırıq ki, «İmişli» sezonun qalan hissəsində əvvəlkitək iddialı olmayacaq.

Tərlan Quliyev, Bahadur Həziyev və Elnur Cəfərov da daxil, 10-dan artıq oyunçu region klubuyla kontraktına son verib. Qarşıdakı günlərdə daha 2-3 nəfərin də bura ilə sağollaşması gözlənilir.

Əlbəttə, heç kim isti yerini soyuq eləmək istəməz. Kütləvi gediş varsa, deməli, ortada ciddi səbəblər var.

İcraçı direktor Aqşin Mürsəlov «feysbuk»da onun-bunun statusuna «layk» atmağa vaxt sərf edincə, yaxşı olar ki, bu işlərə zaman ayırsın, ciddi işlərlə məşğul olsun və problemləri yoluna qoysun.

Çünki eşitmişik ki, rəhbərlikdən çox ciddi narazılıq yaranıb. Gedənlərin əksəriyyəti onlara verilən vədlərin yerinə yetirilmədiyini iddia edir.

Dediklərinə görə, idarəçilərin sözüylə əməli üst-üstə düşmür. Şəraitsizlik bir yana, maaşların verilməsində belə, problemlər mövcuddur.

Söylənilənlərə inansaq, ödəmələr vaxtlı-vaxtında edilmir, bir çox hallarda gecikdilir, onda da pullar hissə-hissə paylanılır.

Dekabrın sonuna təsadüf eləyən «Cəbrayıl»la 11-ci tur matçında baş verənlər isə həqiqətən üzücüdür. Belə ki, futbolçulara qarşılaşmadan öncə «oyunu udun, əməkhaqlarınızı nəqd şəkildə alın» deyilib.

«İmişli»lərin bütün cəhdlərinə, üstün təsir bağışlamalarına rəğmən, görüş 0:0 bitib və funksionerlər pul dolu çantayla stadionu tərk ediblər.

Sanki komanda üzvlərinə acıq verirmiş kimi. Yəni ki, yemədiz getdiz, di, bayramı pulsuz qarşılayın…

Hə də, belə münasibət göstərilən yerdə hansı məşqçi və futbolçu qalar? Təbii, heç kim.

Və biz bu minvalla Aqşin Mürsəlovun özünün əyninə forma geyinərək, meydana çıxdığını, say düzəltdiyini, ora-bura qaçdığını görəcəyik, deyəsən.

Sözsüz, bu, ona yolüstü restoranda quzu kababı yemək qədər xoş olmasa da…

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr