AZ

Lüksemburqlu nazir Azərbaycan üzrə fəaliyyət planında nəzərdə tutulan fəaliyyətlərin bərpasını alqışlayıb

Strasburq, 28 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Lüksemburqun qurumun Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Ksavye Bettel (Xavier Bettel) çıxış edib.

AZƏRTAC xəbər verir ki, lüksemburqlu nazir Nazirlər Komitəsinə sədrlik çərçivəsində ölkəsinin prioritetlərini açıqlayıb. O, ölkəsinin əsas prioritet kimi Ukraynaya dəstəyi davam etdirmək istəyini bir daha təsdiqləyib.

Lüksemburqlu nazir Gürcüstandakı vəziyyətə toxunaraq bildirib ki, Avropa Şurası Gürcüstanın üzv dövlət kimi öz öhdəliklərini yerinə yetirməsində, insan hüquqlarına hörmətin təmin edilməsində və demokratik təsisatların qorunmasında əsas rol oynamalıdır.

K.Bettel, eyni zamanda, Moldova üzrə 30 milyon avro dəyərində fəaliyyət planının (2025-2028-ci illər) qəbul edilməsini, eləcə də Azərbaycan üzrə fəaliyyət planında nəzərdə tutulan fəaliyyətlərin bərpasını alqışlayıb. “Azərbaycana gəldikdə, Nazirlər Komitəsi Azərbaycan üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş və Assambleyanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərarından sonra icrası dayandırılmış əməkdaşlıq fəaliyyətlərinin bərpasından məmnunluq duyur. Biz dialoq platforması olaraq qalmalıyıq və ümid edirik ki, Assambleya və Azərbaycanın parlament nümayəndə heyətləri tezliklə əlaqələri yeniləmək üçün ümumi dil tapacaqlar”, - deyə nazir bildirib.

O, 2023-cü ilin mayında Reykyavik Sammitində qəbul olunmuş öhdəliklərin icrasını davam etdirmək üçün üzv dövlətlərin Təşkilatı lazımi vasitələrlə təmin etmək əzmini vurğulayıb. K.Bettel xarici işlər nazirlərinin mayın 13-14-də Lüksemburqda keçiriləcək növbəti görüşünün Reykyavik qərarlarının reallaşdırılmasını qiymətləndirmək üçün fürsət olacağını bildirib.

Seçilən
10
azertag.az

1Mənbələr