AZ

DİQQƏT: Yuxusuzluq bu xəstəliklərə yol aça bilər - HƏKİM DANIŞDI

“Yuxusuzluq insan orqanizmində çox ciddi təsir göstərən xəstəlikdir və həm qısa, həm də uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilir. Bu xəstəlik daha çox beyin funksiyalarını və psixi sağlamlıq problemlərində özünü göstərir. Çünki insanlar uzun müddətli yuxusuz qaldığı hallarda konsentrasiya və yaddaş pozğunluğu əmələ gəlir. Yuxusuzluq beyin məlumatlarını işləmə və yadda saxlama problemlərini üzə çıxartdığı üçün insanlarımızda daha çox yaddaşsızlıq, unutqanlıq, əhval-ruhiyyənin pozulması, qərar vermə qabiliyyətinin zəifləməsi kimi şikayətlər olur. Həmçinin yuxu rejimi ürək-damar sağlamlığı üçün çox önəmlidir. Çünki yuxusuzluq problemləri eyni zamanda ürək-damar xəstəlikləri olan, xüsusilə də arterial hipertenziya, ürəyin işemik xəstəliyindən əziyyət çəkən insanlarda özünü daha pis göstərir və birincili xəstəliklərin ağırlaşması, fəsadlaşması kimi amil olaraq böyük rol oynayır”. Bu sözləri həkim terapevt Sübhan Hacıyev SİA-ya açıqlamasında deyib.

Terapevt həmçinin qeyd edib ki, yuxusuzluq imunitet sistemini zəiflədə bilir: “Müdafiə mexanizmlərin sıradan çıxması yuxusuzluq zamanı daha çox meydana çıxır. Bu da nəticədə insanların həm virus, həm də bakteriyalara qarşı mübarizəsində çox ciddi şəkildə mənfi rol oynayır. Yuxusuzluq problemləri eyni zamanda metabolizma, yəni maddələr mübadiləsinin gecikməsində mənfi rol oynayır. Bunun nəticəsində insanlarda artıq çəki, piylənmə, hormonların diz balansı kimi xəstəliklər özünü göstərmiş olur. Həmçinin bu xüsusiyyətlər qalxanvari vəzi, şəkərli diabet, piylənmə kimi xəstəliklərə yol açır. Təsadüfi deyil ki, stress hormonu olan kartizonun artması yuxusuzluq zamanı özünü daha çox göstərir və insanların stresə qarşı reaksiyası daha da kəskinləşir, yüksək təzyiq və böyrəküstü vəzin problemləri üzə çıxır. Bütün bunları nəzərə alaraq həkim terapevt kimi tövsiyyə edirəm ki, insanlarımız mütləq şəkildə öz yuxu rejimlərinə diqqət etsinlər, günün üçdə bir hissəsini yuxuda keçirsinlər. Həmçinin gecə saat 11-dən 3-ə qədər dərin rejimdə yuxuda olmaqları yaxşı olar. Bu zaman bizim epifiz vəzimiz tərəfindən melatonin hormonu ifraz olunur ki, səhər oyandıqda gümrahlığımızın daha ciddi aktivatorudur və yuxu rejimini pozmassaq daha aktiv, sağlam ola bilərik”.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
6
sia.az

1Mənbələr