Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ikinci fazası ilə bağlı göstəriş verilib və bu ildən işlərə başlanacaq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.
"Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Köhnə limanı biz şəhərin mərkəzindən çıxardıq. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Yəni, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır", - dövlət başçısı bildirib.
Prezidenti İlham Əliyev yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulduğunu qeyd edib: "Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və biz bu ildən işə başlayırıq. Beynəlxalq məsləhətçilər cəlb edildi ki, yeni layihə hazırlansın, təqdim olunsun. Biz Limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da bizə yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik.
Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır".
Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.
Ölkə başçısı qeyd edib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb: "Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik.
Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, biz nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük".