Azərbaycanın Avropa ölkələrindən birində fəaliyyət göstərən səfirliyində biabırçı hadisə baş verib. Etik baxımdan ölkənin adını yazmırıq. Azərbaycana dost ölkə sayılmır.
Yenilik.az xəbər verir ki, bu barədə Globalinfo.az diplomatik mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, sözügedən səfirliyin Rəhman adlı birinci katibi qurumun Qafqaz adlı müşaviri və səfir tərəfindən fiziki zorakılığa məruz qalıb. Yəni döyülüb.
Məsələ bununla da yekunlaşmır. Döyülən şəxs geri qaytarılıb. Hələ üstəlik onu işdən qovublar. Təsəvvür etmək belə çətindir. Diplomatik nümayəndəliyin birinci katibi vəzifəsini tutan şəxsi səfir və başqa əməkdaş döyür, bu azmış kimi, işdən çıxarılır. Belə çıxır, sözügedən səfirliyin öz ədalət prinsipləri və daxili “qanunları” var.
Həmin səfir vaxtilə Azərbaycanda nəqliyyat sahəsində dövlət qurumunda çalışıb. Rüşvət qalmaqalına görə işdən qovulub. Bir müddət sonra Xarici İşlər Nazirliyinin təqdimatı ilə səfir vəzifəsinə təyin edilib.
****
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Bakupost.az -ın sorğusuna cavab olaraq bildirib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb:
"Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.
Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.
Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.
Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-də mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur".
Xatırladaq ki, indiyə kimi bir neçə səfirlikdə qalmaqallı hadisələr, qanunsuz fəaliyyət haqda mediada məlumatlar yayılıb. Onlardan biri Qətərdəki səfir Mahir Əliyev barədədir. M.Əliyevin eyş-işrət məclisləri, maliyyə yeyintiləri, sərgüzəştləri medianın müzakirə mövzusuna çevrilib. Hesablama Palatası və Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində səfirlikdə təqribən 300-400 min dollarlıq yeyinti aşkar olunub.
İraqdakı səfir Nəsir Məmmədovun qanunsuz əməlləri haqda da məlumat yayılmışdı. Onun viza alveri ilə məşğul olduğu və başqa qanunsuz əməlləri ictimailəşmişdi. N.Məmmədov 2024-cü ilin dekabrın 16-da Prezidenti İlham Əliyev Sərəncam imzaladığı sərəncamla geri çağırıldı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta