Özbəkistan təyyarələri Avropaya Azərbaycan üzərindən uçacaq – Təhlükəsizliyə görə
“Uzbekistan Airways” aviaşirkəti təhlükəsizlik baxımından Avropaya bütün reyslərini Rusiya və Belarus üzərindən deyil, Azərbaycan və Türkiyə üzərindən həyata keçirməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə aviaşirkətin idarə heyətinin sədri Şuxrat Xudaykulov çərşənbə axşamı keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu qərar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiyanın Avropa ərazisi üzərində uçuşların təhlükəsizliyinə dair son hesabatı əsasında qəbul edilib.
“Təbii ki, bu, bir istiqamətdə uçuşu 30-40 dəqiqə uzadır və şirkət üçün əlavə xərclərə səbəb olur. Buna baxmayaraq, biz gediş haqqını artırmadıq, çünki bu, fors-major haldır və sərnişin buna görə məsuliyyət daşımamalıdır”, - şirkət rəhbəri bildirib.
Şirkət rəhbəri həmçinin bildirib ki, Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasından sonra Özbəkistan Baş nazirinin rəhbərliyi ilə komissiya yaradılıb və təcili müzakirə aparılıb. Komissiyanın tərkibinə Müdafiə Nazirliyi, Nəqliyyat Nazirliyi, Uzaviasiya, “Uzbekistan Airways” və digər strukturların nümayəndələri daxil olub. Vəziyyət diqqətlə təhlil edildikdən sonra hava marşrutlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qərarlar qəbul edilib.