AZ

Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...”

Azərbaycanla Rusiya arasında gərginlik artır – Kreml yenə ikiüzlü və saxtakar rolunda

Ötən il dekabrın 25-də Bakı - Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasına səbəbin Rusiya hava məkanında “Pantsir S” raketi ilə vurulmasını göstərən etibarlı faktlar üzə çıxdı. Bundan sonra hadisə ilə bağlı fikirləri başqa istiqamətlərə yönləndirməyə çalışan rəsmi Moskva cinayətin üstünü bağlamağa cəhdlər göstərdi.

Həmin cəhdlər bu gün də davam etməkdədir. Rusiyanın qəza ilə bağlı tutduğu mövqe Azərbaycanla Rusiya arasında münasibətlərin soyuqlaşmasına səbəb olub. Azərbaycan tərəfi mülki təyyarənin Rusiya tərəfindən vurulmasının etirafını, təzminat və digər məsələlərin həllini istəyir. Rusiya isə müxtəlif yollarla bu məsələdən yayınır. Eyni zamanda, Kremlə bağlı media orqanlarında Azərbaycan və rəhbərliyi əleyhinə çirkin kampaniya aparılmaqdadır.

Bunun fonunda Azərbaycan mediasında da Rusiyanın cinayətləri əleyhinə haqlı iradlarla müşahidə edilən yazılar, süjetlər dərc olunur. Artıq dövlət televiziyası olan Azərbaycan Televiziyasında (AzTV) gedən materiallarda Rusiyanın törətdiyi cinayətləri etiraf etməməsi tənqid olunur, rus mediasında aparılan anti-Azərbaycan kampaniyasının iki ölkə arasındakı münasibətləri kəskinləşdirdiyi qeyd edilir.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Rusiya mərkəzlərinin casus yuvası olduğu iddia edilir, onların fəaliyyətinin dayandırılması, orta məktəblərdə rus dilində təhsilin qadağan olunması gündəmə gətirilir. Bütün bu baş verənlər onu göstərir ki, iki ölkə arasında münasibətlər kəskinləşməkdə davam edir və Rusiya təyyarə cinayətini üzərinə götürməsə, bu gərginliyin artan xətlə inkişafı mümkündür.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya ilə Azərbaycan arasında zaman-zaman gərginliklər müşahidə edilib, sonradan hansısa yollarla, danışıqlarla yoluna qoyulub:

- Əslində, sərnişin təyyarəsi vurulmayanadək iki ölkə arasındakı münasibətlərdə soyuqluq yox idi, normal məcrada davam edirdi. Əlbəttə, Azərbaycan 200 il çar Rusiyasının, SSRİ-nin, onun varisi Rusiyanın siyasətindən çox əziyyətlər çəkib. Rusiya torpaqlarımızı ermənilərə peşkəş edib, 1990-cı ilin 20 yanvarında Bakıya qoşun yeridərək insanlarımızı qətlə yetirib, alayı ermənilərlə birlikdə Xocalıda soyqırımı törədib. Bütün bunları biz bilirdik, anlayırdıq ki, Rusiyadan bizə dost olmaz. Amma son illər iki ölkə arasında münasibətlər qurulub, inkişaf edib, müəyyən tərəfdaşlıqlar var.

Eyni zamanda, İkinci Qarabağ müharibəsində Rusiya Azərbaycanın əməliyyatlarına çox da mane olmadı. Lakin indi sərnişin təyyarəmiz Rusiya tərəfindən raketlə vurulub və Azərbaycan tərəfi haqlı olaraq tələblər irəli sürüb. Azərbaycan Prezidentinin təyyarə hadisəsi ilə bağlı üç tələbi var: üzrxahlıq, təyyarəni vuranların cəzalandırılması və kompensasiya. Bu tələblərdən ikisi hələ də yerinə yetirilməyib. Üzrxahlıq da alayarımçıq oldu. Rusiya bu tələbi yerinə yetirmək əvəzinə müxtəlif yollara baş vurur.

Son günlər isə bir qədər də irəli gedərək Kremlin nəzarətində olan mediada Azərbaycan lideri İlham Əliyevin və Azərbaycanın əleyhinə qara çirkin kampaniyaya başlanılıb. Azərbaycan tərəfi haqlı tələbini irəli sürdükcə, kremldəkilər qıcıqlanırlar. Rusiya rəhbərliyindəkilər bu cinayətin üstünü örtməyə çalışırlar. Eyni zamanda, bizimlə mübarizə üsulunu anti-təbliğat kampaniyasında görürlər. Bu isə əlbəttə ki, iki ölkə münasibətlərini daha da gərginləşdirməkdədir.

- Bu gərginlik nə qədər davam edə bilər?

- Bilirsiniz, Rusiya mediasındakı çirkin kampaniya Kremlin təlimatı ilə başlayıb. Bu isə onu deməyə əsas verir ki, Rusiya tərəfi Bakının tələblərini yerinə yetirmək istəmir. Rusiya rəsmilərinin necə deyərlər, xətrinə dəyən odur ki, niyə Azərbaycan tələblər irəli sürür. Təyyarəni vur, insanlarımızı öldür, sonra da bizi haqsız çıxarmağa çalış. Bu, absurd yanaşmadır. Təyyarəni vuran cinayətkarların cəzalandırılması və kompensasiya ilə bağlı Rusiyanın siyasi mərkəzlərində demək olar ki, heç bir müzakirə getmir. Əvəzində Rusiya tərəfi təyyarənin “qara qutu”su açılmamışdan, nəticələr açıqlanmamışdan əvvəl elan etdi ki, guya dispetçerlə pilotlar arasında danışıqlar olub, guya heç təyyarə raketlə vurulmayıb, guya pilotlar özləri quş sürüsü ilə toqquşmanı qeyd ediblər. Yaxud da, kislorod balonunun partlamasından danışırlar. Hətta Rusiya tərəfi pilotları günahkar çıxarmağa çalışdı.

Qazaxıstanın Baş nazirinin müavini “qara qutu” açılandan sonra konkret dedi ki, Rusiya rəsmilərinin dedikləri ilə “qara qutu”nun nəticələri arasında dərin ziddiyyətlər var. Demək istədiyim odur ki, Rusiya tərəfi hələ də izi azdırmağa çalışır. Nə qədər ki, Kreml cinayətkarları cəzalandırmayacaq, kompensasiya məsələsini həll etməyəcək, münasibətlərin normallaşacağı gözlənilən deyil. Azərbaycan Prezidentinin tələbləri var ki, bunlar yerinə yetirilməlidir. Bu, həm də Azərbaycan ictimaiyyətinin, cəmiyyətin sifarişi və tələbidir. Biz bu hadisənin üstünün örtülməsinə razı ola bilmərik. Rusiya tərəfi cinayətkarları cəzalandırmalı, kompensasiya ödəməlidir. Əks təqdirdə, münasibətlərin düzələcəyi çətin görünür.

- Cəmiyyətin sifarişi demişkən, artıq Azərbaycan ictimaiyyəti tərəfindən məktəblərdə rus dilində tədrisin ləğvi, ölkəmizdə müxtəlif adlar altında fəaliyyət göstərən Rusiya mərkəzlərinin bağlanması da tələb edilir. Bunlar mümkündürmü?

- Əvvəllər də rus dilində tədrisin ləğvi barədə polemikalar gedirdi. Son hadisələr fonunda bu müzakirələr daha da şiddətlənib. Mən də o fikirdəyəm ki, Azərbaycanın dövlət büdcəsi hesabına rus dilində təhsil verilməməlidir. Kimsə şəxsi hesabına rusdilli məktəb açırsa, bu, mümkündür. Amma dövlət büdcəsi hesabına tədris olmamalıdır. Biz fəxr etməməliyik ki, Azərbaycanda rusdilli universitet var, məktəblər var, onminlərlə rus dilində təhsil alanlar var. Bəli, bizim insanlarımız çox dili bilməlidir, eləcə də rus dilini. Amma bu, şəxsi təşəbbüslə olmalıdır, dövlət maliyyəsi ilə deyil. Düşünürəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır.

Eyni zamanda, Rusiyanın buradakı mərkəzlərinin fəaliyyəti dərindən araşdırılmalıdır, casus yuvası ilə bağlı iddialar əksini taparsa, o zaman ciddi addımlar atılmalıdır. Məlumdur ki, Azərbaycanda Rusiyanın “beşinci kolon”u var, o dağıdılmalı, zərərsizləşdirilməlidir. Demirəm ki, əcinnə ovuna çıxılmalıdır, ucdantutma həbslər həyata keçirilməlidir, yox, sadəcə “beşinci kolon”a mənsub şəxslər neytrallaşdırılmalıdır ki, ölkəmizin təhlükəsizliyinə təhlükə yaranmasın.

- Məlumdur ki, Rusiya ilə yanaşı, İranla da ölkəmizin münasibətlərində gərginlik yaşanır. Bu proseslərin riskləri varmı və bundan çıxış yolu nədir?

- Əlbəttə, risklər mövcuddur. Bizdən asılı olmayan səbəblərdən hər iki ölkə ilə gərginliklər var. Rusiya təyyarəmizi vurdu, İran da anti-Azərbaycan təbliğatına başladı. İstisna deyil ki, Moskva ilə Tehran anti-Azərbaycan siyasətini koordinasiya edir. Baxın, Azərbaycan təyyarəsi vurulandan sonra Rusiya ilə münasibətlərdə gərginlik yaranan kimi, İranda əyalət mollası olan Amuli Azərbaycan əleyhinə tədbir keçirdi, bəyanatlar verdi. Əlbəttə, bu, Amulinin təşəbbüsü ilə keçirilən tədbir deyildi, İranın Ali dini rəhbəri Seyid Əli Xameneyinin təlimatı ilə keçirilən tədbir idi. Bu mənada, hesab edirəm ki, Moskva ilə Tehran arasında Azərbaycanla bağlı təxribatçı kampaniyada razılaşma olması mümkündür.

İki qonşu ölkə Azərbaycana qarşı təbliğata başlayıbsa, bunun risklərini, hansı addım ata biləcəklərini düşünməliyik. 30 il əvvəl də münasibətlərdə belə gərginliklər var idi. Mərhum prezidentlər Əbülfəz Elçibəyin də, Heydər Əliyevin hakimiyyəti dövründə belə gərginliklər yaşanıb. O zaman Rusiya Azərbaycanın şimalında, iran isə cənubunda müəyyən təxribatlar törətdi, separatizmi körükləməyə başladılar. Mərhum Heydər Əliyev bütün bu cəhdləri iflasa uğratdı, problemlərin qarşısını ala bildi. Düşünürəm ki, risklər yenə də bu məsələlərlə bağlı ola bilər. Rusiyadakı mərkəzlər yenə də şimalda qarışıqlıqlar yaratmaq planlarını həyata keçirməyə, İran isə cənubda bunu gerçəkləşdirməyə cəhd edə bilər. Şimalda və cənubdakı soydaşlarımızın Azərbaycan qanunlarına əməl edəcəklərinə tam əminəm və bundan şübhəm yoxdur. Amma bəzi şəxslər ola bilər ki, yenə də separatizmə meyl etsinlər. Ona görə də bizim hüquq-mühafizə orqanlarımız kifayət qədər diqqətli olmalı, təxribatlara qarşı kifayət qədər tədbirlər görməlidirlər.

Seçilən
9
24
turkustan.az

10Mənbələr