Niderlandın ING bankı mətbuata açıqlamasında aktivlərini rusiyalı investor olan “Global Development” şirkətinə sataraq Rusiya bazarını tərk etdiyini açıqlayıb.
"Cebheinfo.az" bu barədə "TASS"a istinadən xəbər verir.
"ING bu gün Rusiyadakı biznesini faktorinq xidmətləri sahəsində təcrübəsi olan Moskvada yerləşən maliyyə investoruna məxsus olan "Global Development" JSC-yə satdı. Bu əməliyyat ING-nin Rusiya bazarındakı fəaliyyətinə faktiki son qoyacaq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Ukraynada münaqişə başlayandan sonra bank Rusiyadakı fəaliyyətini xeyli azaldıb.
Xüsusilə, ING yeni müştəriləri qəbul etməyib və Rusiya müştərilərinə verilən kreditlər 75 %-dən çox azalıb. Bundan əlavə, Rusiya filialı ING-nin beynəlxalq sistem və şəbəkələrindən ayrılıb.
İki il əvvəl bankın baş direktoru Steven van Rijswijk demişdi ki, ING Rusiyada özü üçün gələcək görmür.
Onun sözlərinə görə, bank sadəcə ölkəni tərk edə bilməz, çünki Rusiya şirkətləri ilə birtərəfli qaydada əlaqələri kəsmək faktiki olaraq pulun verilməsi demək olacaq. ING-nin Rusiya filialı yalnız korporativ müştərilərə xidmət göstərirdi.
Press-relizdə deyilir ki, Rusiya aktivlərinin real olaraq satılması üçün müəyyən vaxt lazımdır.
İnvestorun kadr idarəçiliyini öz üzərinə götürməsini də nəzərdə tutan müqavilə imzalanıb. ING satışın bu ilin üçüncü rübündə tamamlanacağını gözləyir.