“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov İTV-nin "Diqqət mərkəzində" verilişində Paşinyanın son bəyanatları, Ermənistanın Tramp dövründə həyata keçirdiyi siyasət, ermənilərin mümkün təxribatları və sülh danışıqlarının perspektivləri barədə müzakirələr apardıqlarını bildirib.
QHT.az xəbər verir ki, Zaur İbrahimov qeyd edib ki, müzakirələr zamanı “Paşinyan niyə və nədən narahatdır?” sualına cavab axtarılıb və belə bir qənaətə gəlinib: "Paşinyan Bakıda keçirilən Qarabağ separatçılarının məhkəməsindən ciddi şəkildə narahatdır. Bu məhkəmədə heç kimin qəhrəmanlıq edərək özünü qurban vermək fikri yoxdur. Artıq separatçı rejimin keçmiş rəhbərlərindən Arayik Harutyunyan ilk etirafını edib və görünən odur ki, bu etirafların ardı gələcək."
Zaur İbrahimov, həmçinin, Ermənistanın Tramp dövründə "sülh bağlamaq istəyirik" tezisini irəli sürdüyünü, lakin indi "bizə qarşı hücum olacaq, xristianları qorumaq lazımdır" fikrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək üçün hazırlıqlar apardığını vurğulayıb. Bununla yanaşı, Ermənistan tərəfindən mümkün təxribatların da gözlənildiyini qeyd edib. Sonda Zaur İbrahimovun təhlillərinə əsasən, Paşinyanın narahatlığının kökündə Bakıda keçirilən məhkəmələrin və ermənilərin sülh prosesindəki qeyri-səmimi yanaşmasının dayandığı ifadə olunub.
Pərvanə Fərhadqızı